...

Azərbaycanda məhkumlar və jurnalistlər arasında "Breyn-rinq" yarışı keçirilib

Cəmiyyət Materials 4 Oktyabr 2010 14:26 (UTC +04:00)
Azərbaycanda jurnalistlər və məhkumlar arasında "Breyn-rinq" yarışı keçirilib.
Azərbaycanda məhkumlar və jurnalistlər arasında "Breyn-rinq" yarışı keçirilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlər və məhkumlar arasında "Breyn-rinq" yarışı keçirilib. Trend-in məlumatına görə, məhkumların asudə vaxtı səmərəli keçirmələri üçün təşkil olunan tədbir bazar ertəsi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, cəmiyyətimizin bir parçası olan məhkumların asudə vaxtının səmərəli təşkil olunması üçün bu cür tədbirlər olduqca əhəmiyyətlidir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyəvi işlər üzrə xidmətinin rəis müavini İntiqam Əliyev də öz çıxışında tədbirin əhəmiyyətindən danışıb.

Daha sonra məhkumlar və jurnalistlərdən təşkil olunan 6 komanda arasında intellektual yarış keçirilib. Yarışda məhkumlardan təşkil olunan "Öndərlər", "Möminlər", "Kəpəz", jurnalistlərin isə "Mətbuat", "İdmançı jurnalistlər" və "Olimpiya" komandaları iştirak ediblər.

Yarışda iştirakçılara vətənpərvərliyə, milli-mənəvi dəyərlərə, Azərbaycanın mədəni irsinə, tarixinə, coğrafiyasına, təbiətinə, siyasətinə və digər mövzulara dair suallar verilib.

Müsabiqənin nəticəsinə əsasən, qalib "Kəpəz" komandası olub. Qalib komandanın üzvləri diplomlarla təltif olunub, idman paltarları, idmana aid kitablar və jurnallar hədiyyə olunub.

Tədbir Azərbaycan Respublikası Penitensiar Xidməti ilə Milli Olimpia Komitəsi arasında təsdiq olunmuş məhkumların asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş tədbirlər planı əsasında təşkil olunub.

Xəbər lenti

Xəbər lenti