...

Yunanıstanda Azərbaycan musiqisi səslənib

Cəmiyyət Materials 6 Oktyabr 2010 17:10 (UTC +04:00)
Azərbaycanın Yunanıstandakı səfirliyi simfonik musiqi konserti təşkil edib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
Yunanıstanda Azərbaycan musiqisi səslənib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan musiqisi Yunanıstanda səslənib.

Azərbaycanın Yunanıstandakı səfirliyi simfonik musiqi konserti təşkil edib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

"Bu konsert Yunanıstanda Azərbaycan günlərindən ayrı keçirilib. Yunanıstandakı səfirliyimiz konsertin təşkilinə çox məsuliyyətli yanaşıb - böyük menecer işləri aparılıb", - Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, bu konsertə qədər Yunanıstan kanalları vasitəsilə Azərbaycan ifaçılarının klipləri nümayiş olunub, radioda Qara Qarayevin valsı səslənib.

"Bütün bunlar yunan ictimaiyyətinin xoşuna gəlməyə bilməzdi və buna görə də konsertdə anşlaq təmin olunub", - Bədəlbəyli deyib.

"Müxtəlif ölkələrin Yunanıstana təyin olunmuş diplomatik missiya nümayəndələri üçün iki yüzə yaxın dəvət biletləri olub, qalan səkkiz yüz bilet klassik musiqi həvəskarları tərəfindən alınıb", - o deyib.

Musiqiçinin sözlərinə görə, konsert Afina filarmoniyasında təşkil olunub. "Dünyada ən yaxşı filarmoniyalardan biri olan bu filarmoniyanın özəlliyi akustik keyfiyyətdədir", - o hesab edir.

"Yunanlar Azərbaycan bəstəkarlarının əsərlərinin səviyyəsinə valeh olublar. Bu böyük akademik konsert idi", - Bədəlbəyli deyib.

Onun sözlərinə görə, simfonik orkestrə Azad Əliyev dirijorluq edib, həmçinin konsertdə dörd solist iştirak edib.

"Mən pianoçu kimi solo ifa edirdim. Digər üç solist - vokalçılar Gülnaz Əsədova, Səbinə İsmayılova və bizim İtaliyada təhsil alan gənc baritonumuz Cavid Səmədov idi", - Bədəlbəyli deyib.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya klassikası da tədim olunub. "Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Müslüm Maqomayevin "Azərbaycan", Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano konserti ifa olunub", - o deyib.

"Orkestr mənim də iki əsərimi ifa edib: iki soprano üçün "Şuşa" və İki qadının yalvarışı",- Bədəlbəyli vurğulayıb.

Onun sözlərinə görə, apreldə yunan bəstəkarların əsərlərini ifa edəcək mayestro Bayron Azərbaycana gələcək.

Bədəlbəylinin sözlərinə görə, Yunanıstan tərəfi simfonik orkestri növbəti mövsümdə də dəvət edib.

"Məni Yunanıstanda bir neçə master-klass verməyə dəvət ediblər. Vaxt olsa, məmnuniyyətlə açıq dərs verərəm, lakin ilk növbədə birincilik mənim tələbələrimə verilib", - rektor deyib.

Xəbər lenti

Xəbər lenti