...

Görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2010 16:38 (UTC +04:00)
Cümə günü Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın ad gününə həsr edilmiş ənənəvi "Gənc alimlərin ərəb filologiyası sahəsində ən yaxşı elmi-tədqiqat işi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Z.Əhmədova/

Cümə günü Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın ad gününə həsr edilmiş ənənəvi "Gənc alimlərin ərəb filologiyası sahəsində ən yaxşı elmi-tədqiqat işi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Aspirantlar, dissertantlar və Azərbaycanın gənc alimləri arasında keçirilən müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Azərbaycanın elm məktəbi keçmiş Sovet İttifaqı ərazisində üç aparıcı məktəbdən biri olub. Bu barədə görkəmli alim, professor Aida İmanquliyevanın 71 illiyinə həsr olunmuş müsabiqənin yekunları üzrə keçirilən mətbuat konfransında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru Nərgiz Paşayeva bildirib.

"Bu tədbir Azərbaycanın gənc alimlərinin yeni nəslinə ünvanlanıb", - Nərgiz Paşayeva bildirib.

O bildirib ki, azərbaycanlı alimlərin yeni nəsli sələflərinin çata bilmədikləri elm zirvələrini fəth etməlidir.

Azərbaycanın gənc alimlərinin ən yaxşı işlərinin üzə çıxarılmasını nəzərdə tutan müsabiqə ənənəvi olacaq. Müsabiqənin 2011-ci ildə də keçirilməsi planlaşdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, bu müsabiqənin keçirilməsi Azərbaycanda elmi fəaliyyətin inkişafına müsbət təsir göstərəcək.

"İstərdik ki, gənclər Azərbaycanın görkəmli elm xadimi Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunan müsabiqədə iştirak etməyi özləri üçün şərəf bilsinlər", - Hüseynova bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Gövhər Baxşəliyevanın sözlərinə görə, bu müsabiqənin keçirilməsi gənc azərbaycanlı alimlərin elmi fəaliyyətə maraqlarını artırır.

"Aida xanım İmanquliyeva Azərbaycan elminin inkişafında mühüm rol oynayıb, - Baxşəliyeva deyib. - O bu gün şərqşünas alimlərin diqqət mərkəzində olan bir çox elmi əsərlərin müəllifidir".

Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyevin sözlərinə görə, professor Aida İmanquliyeva özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyub.

"Bu cür müsabiqənin keçirilməsi gənc alimlərə müsbət təsir göstərir, Aida xanım İmanquliyevanın həyat və fəaliyyəti onlar üçün yaxşı nümunədir", - Məmmədəliyev deyib.

Xəbər lenti

Xəbər lenti