...

Azərbaycan Ombudsman Aparatının əməkdaşları jurnalist Eynulla Fətullayevlə görüşüblər

Cəmiyyət Materials 22 Oktyabr 2010 20:42 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüblər.
Azərbaycan Ombudsman Aparatının əməkdaşları jurnalist Eynulla Fətullayevlə görüşüblər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüblər. Bu barədə cümə günü Ombudsman Aparatının məlumatında deyilir.

Fətullayev saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından şikayətinin olmadığını, vəkilləri və atası ilə görüşə məhdudiyyət yaradılmadığını bildirib.

Söhbət zamanı məlum olub ki, Fətullayev 19 oktyabr 2010-cu il tarixdən yalnız su içməklə aclıq aksiyası keçirir. O bildirib ki, buna səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində çıxardığı qərarın icra olunmamasıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən Fətullayevin işinin icraata götürüldüyü, həmçinin, insan hüquqları üzrə müvəkkilin səlahiyyətləri bir daha onun diqqətinə çatdırılıb.

Aparatın əməkdaşları Fətullayevin səhhətinin nəzarətdə saxlanması üçün müəssisə rəhbərliyi və tibb hissəsinin həkimi ilə görüşərək onlara öz tövsiyələrini veriblər.

Xəbər lenti

Xəbər lenti