Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ombudsman Aparatının əməkdaşları ömürlük azadlıqdan məhrum edilmiş məhkumla görüşüblər.
Ombudsman Aparatının mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Penitensiar Xidmətin Qobustan həbsxanasında cəza çəkən Elçin Əmiraslanov 19 noyabr 2010-cu il tarixdən ona qohumları ilə qanunla nəzərdə tutulmuş görüşün verilmədiyini və 2008-ci ildə kamerasından götürülmüş kitabların ona hələ də qaytarılmadığını səbəb göstərməklə aclıq aksiyası keçirdiyini bildirib.
O, səhhətinin normal olduğunu və aclıq aksiyasına başlaması ilə bağlı müəssisə rəisinə müraciət etdiyini deyib.
Araşdırma zamanı müəyyən olunub ki, Əmiraslanov həqiqətən də müəssisə rəisinə aclıq aksiyasına başlaması barədə müraciət edib.
Müəssisə rəisi söhbət zamanı həmin məhkumun müraciətinin əsassız olduğunu bildirərək, onun qanunvericiliklə nəzərdə tutulmuş görüş hüququndan istifadə etdiyini, sonuncu görüşün 14 oktyabr 2010-cu ildə baş tutduğunu və növbəti uzunmüddətli görüşün isə 3 yanvar 2011-ci il tarixdə olacağını qeyd edib.
Eyni zamanda, Əmiraslanovun görüşlərinin qeydiyyat vərəqəsinin surəti Ombudsman Aparatının əməkdaşlarına təqdim olunub. Müəssisə rəisi hazırda məhkumun həbsxananın tibb hissəsində saxlandığını, kamerasında olan qidaları təhvil vermədiyini və ona gündəlik yeməklərin verildiyini bildirib.
Məhkumun səhhətinin nəzarətdə saxlanılması barədə müəssisənin rəisinə və həkiminə tapşırıqlar verilib.