...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Azərbaycanda baş örtüyü ilə bağlı problemə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Yanvar 2011 12:09 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbəri Azərbaycanda baş örtüyü ilə bağlı süni yaradılmış problemə aydınlıq gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Azərbaycanda baş örtüyü ilə bağlı problemə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Hidayət Orucovun baş örtüyü ilə bağlı fikirləri əlavə olunub (ilk xəbər 11:53-də yayılıb)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbəri Azərbaycanda baş örtüyü ilə bağlı süni yaradılmış problemə aydınlıq gətirib.

"Əgər baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, yəqin ki, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək", - Trend-in məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının İnternet saytına müsahibəsində DQİDK-nın sədri Hidayət Orucov deyib.

O, bildirib ki, belə məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidir.

"Dini baxımdan müqəddəs və yaxud ağır hesab edilən ayların özünəməxsus xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda insanların daha həssas olmasıdır. Bu baxımdan məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdılar. Ölkəmizdə təfriqə yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə bağlı olan xalqımızın həssaslığından "yararlanmaq" istədilər. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi dindaşını təxribatçıdan ayırmağı da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz normaldır. Çünki bəzi qüvvələr bizim inkişafımızı, iqtisadi tərəqqiqimizi, eyni zamanda milli-mənəvi dəyərlərimizə daha şüürlu şəkildə qayıdışımızı və onlara sahib çıxmağımızı istəmirlər. Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi dünyamızda təxribat yaratmağa çalışırlar", - komitə sədri deyib.

Orucov dini məsələlərin hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin mövqeyinin birmənalı olaraq qalacağına əmindir.

Komitə sədri deyib ki, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil.

"Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir", - Orucov vurğulayıb.

Komitə sədri hesab edir ki, qanunazidd əməllərlə məşğul olan qrupların dinlə heç bir əlaqələri yoxdur.

"Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar. Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb", - Orucov deyib.

Onun sözlərinə görə, orta ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa kimi qələmə verməyə başladılar.

"Halbuki Azərbaycanda hicabın qadağan olunmasından söhbət belə gedə bilməz. Şübhəsiz ki, Təhsil Nazirliyinin qərarını məhz bu cür qələmə verməklə onlar müəyyən məqsəd güdürlər. Ancaq bunla özlərini ifşa etdilər. Necə olur ki, indiyədək övladlarını məktəbli formasından kəskin fərqlənən, məsələn, təmtəraqlı, böyüklərə xas dəbə uyğun geyimlə məktəbə göndərən valideynlər vahid məktəbli formasından şikayətlənmir, ancaq din adından istifadə edən bir qrup şəxs "hicaba qadağa qoyuldu" deyib səs-küy salır? Təbii ki, bu "etirazçılar"ın dinlə heç bir əlaqəsi yoxdur və qanundankənar istənilən əməlləri perspektivsizdir", - komitə rəsmisi deyib.

Orucov qeyd edib ki, bu qruplar Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək, ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar.

"Bütün qanundankənar əməllər kimi, bir məktəbə də olsa, hücum çəkilməsi bizi çox məyus edir. Məktəb - uşağın, yeniyetmənin elm, savad öyrəndiyi müqəddəs yerdir. Məgər din pərdəsi altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər - ilk növbədə həmin şəxslərin özlərini tərəfdarı hesab etdikləri İslam dini - insanın təhsil almasını, maariflənməsini vacib sayır? Məgər bilmirlər ki, müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də "Oxu!" deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər? Bəlkə bütün bunları çox yaxşı bilirlər. Bilmirlərsə, öyrənmək də istəmirlər. Çünki əsas məqsədləri qanunsuzluğa əl atmaq, təxribatçı çağırışlar etmək, dövlətlə dindar vətəndaşlar arasındakı möhkəm bağlılığı sarsıtmağa cəhd göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə çatmayacaqlar", - Orucov vurğulayıb.

O, bildirib ki, ölkəmizdə dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək.

"Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır. Dövlət də dini siyasətdən uzaq tutmaq üçün əlindən gələni edir", - komitə sədri bildirib.

Xəbər lenti

Xəbər lenti