...

Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Özbəkistana gəlib

Cəmiyyət Materials 28 Mart 2011 12:23 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistrləri və müəllimlərindən ibarət nümayəndə heyəti Daşkəndə gəlib.
Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Özbəkistana gəlib

Özbəkistan, Daşkənd, 28 mart /Trend, müxbir D.Əzizov/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistrləri və müəllimlərindən ibarət nümayəndə heyəti Daşkəndə gəlib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Səfərdə əsas məqsəd ADA-nın əməkdaşlıq haqqında müqaviləyə malik olduğu Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin professor-müəlim və pedaqoji heyətilə sıx əlaqələrin qurulmasıdır.

Nümayəndə heyətinə tarix üzrə fəlsəfə doktoru, postsovet respublikalarının tarixi üzrə mütəxəssis Anar Vəliyev rəhbərlik edir. Nümayəndə heyətinin tələbə hissəsinin tərkibinə ADA-da təhsil alan Azərbaycan, Çexiya, Pakistan, Meksikadan olan tələbələr daxildirlər.

Səfər ADA, Özbəkistanın Ali və Orta Xüsusi Təhsil Nazirliyi, eləcə də Azərbaycanın Özbəkistandakı səfirliyi ilə birgə təşkil edilib.

Səfər proqramına Özbəkistan Milli Universitetinin, Özbəkistan Dünya Dilləri Dövlət Universitetinin, Daşkənd Dövlət İqtisad Universitetinin, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun müəllim və tələbə heyətilə görüşlər də daxildir.

Görüşlərdə Azərbaycan-özbək əlaqələrinin müasir vəziyyəti və onların perspektivləri, müasir dünyada və Xəzər regionunda baş verən proseslər, gənc mütəxəssislərin hazırlanması və Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında sıx əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

Nümayəndə heyəti eləcə də Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkəcək, Daşkənddəki Azərbaycan diasporu ilə görüşlər keçirəcək.

Nümayəndə heyəti aprelin 2-də Daşkənddə Beynəlxalq Vestminster Universitetinin müxtəlif ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi dünya xalqlarının mədəniyyəti sərgisində iştirak edəcək.

Səfər proqramına (28 mart - 4 aprel) Daşkəndin tarixi və mədəni yerlərinə səfərlər, dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə səyahət də daxildir.

Xəbər lenti

Xəbər lenti