...

Azərbaycandan övladlığa uşaq götürmək istəyən əcnəbilərə hüquqi yardım göstərmək üçün üç təşkilat müraciət edib

Cəmiyyət Materials 7 Aprel 2011 14:39 (UTC +04:00)
Azərbaycandan övladlığa uşaq götürmək istəyən əcnəbilərə hüquqi yardımı yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən orqanlar həyata keçirəcək.
Azərbaycandan övladlığa uşaq götürmək istəyən əcnəbilərə hüquqi yardım göstərmək üçün üç təşkilat müraciət edib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycandan övladlığa uşaq götürmək istəyən əcnəbilərə hüquqi yardımı yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən orqanlar həyata keçirəcək.

Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun rəhbəri Vəsilə Möhsümova Trend-ə bildirib ki, Azərbaycandan uşaq övladlığa götürmək istəyən əcnəbilərə artıq ayrı-ayrı hüquq şirkətləri, vəkillər tərəfindən hüquqi yardım göstərilməsinə icazə verilmir.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərtəfindən "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası" təsdiq edildikdən sonra bu fəaliyyətin yalnız Komitədə qeydiyyatdan keçən təşkilatlar tərəfindən göstərilməsinə icazə verilir.

"Akkreditə olunmuş bu təşkilatlar övladlığa götürmə prosesində sənədləşdirmə işlərini aparmaq, xarici vətəndaşın adından məhkəmədə çıxış etmək və digər funksiyaları həyata keçirirlər. Hazırda Dövlət Komitəsinə bu məqsədlə 3 beynəlxalq təşkilat müraciət edib", - sektor müdiri deyib.

Möhsümova qeyd edib ki, həmin təşkilatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində akkreditə olunmalıdırlar.

Övladlığa uşaq götürmək üçün daxil olan hər bir müraciətin araşdırıldığını, qanunla tələb olunan sənədlərin toplandığını deyən sektor müdiri qeyd edib ki, övladlığa verilmə ilə bağlı proses 6 aydan bir ilədək davam edə bilər.

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Uşağı övladlığa götürən ailə Komitənin tələbi ilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat və şəraiti, inkişafı, təhsili və s. barədə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir.

Xəbər lenti

Xəbər lenti