...

Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı elektron sistem yaradılır

Cəmiyyət Materials 12 Aprel 2011 15:33 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı elektron sistemin yaradılması istiqamətində iş aparılır.
Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı elektron sistem yaradılır

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda daşınmaz əmlakın reyestri ilə bağlı elektron sistemin yaradılması istiqamətində iş aparılır. Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bu gün daşınmaz əmlakın qeydiyyatı sahəsində problemlərin olduğunu diqqətə çatdıran Hüseynli bildirib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışların alınmasında qeyri-qanuni maraqlar rol oynayır.

Prezidentin məlum tapşırığından sonra bu sahədə problemlərin azaldığını deyən millət vəkili hesab edir ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün proseslər elektron formada həyata keçirilməlidir.

"Biz elə etməliyik ki, bu sahədə bütün proseslər şəffaf olsun. Belə olarsa, dövlət orqanının nümayəndəsi ilə vətəndaş arasında mübahisə yaranmayacaq", - millət vəkili deyib.

Hüseynlinin fikrincə, daşınmaz əmlakın qeydiyyatı sahəsində "bir pəncərə" sisteminin yaradılması bu sahədə tam şəffaf mexanizmin formalaşmasına imkan verməyəcək.

"Bir pəncərə" sisteminin özü şəffaflığın bir elementidir, amma hamısı demək deyil. "Bir pəncərə" deyəndə elə başa düşülür ki, mülkiyyətin qeydiyyatı ilə bağlı bütün sənədlər toplanıb bir orqana verilir və bununla da problem həll olunur. Mənim fikrimcə, bir pəncərənin tətbiqi o zaman effektli nəticə verəcək ki, sənədlərin təqdimatı və qəbul edilmiş qərarın əldə olunması elektron formada mümkün olsun. Ayrı-ayrı sahələrdə "bir pəncərə" sisteminin yaradılması hələ problemin həlli demək deyil", - Hüseynli vurğulayıb.

Onun sözlərinə görə, Prezidentin fərmanına uyğun olaraq elektron hökumətin qurulması istiqamətində iş aparılır və bu iş uğurla həyata keçirilsə, yaxın vaxtlarda bir sıra problemlərin həllinə nail olunacaq.

Prezidentin qanunsuz tikililərin qeydiyyatı ilə bağlı tapşırığı əsasında bu sahədə şəffaf mexanizimin yaradılması məsələsinə toxunan komitə sədri qeyd edib ki, müvafiq qurumlar bu şəffaf mexanizmi cəmiyyətə təqdim etməlidirlər.

"Bu şəffaf mexanizmin yaradılması ilə bağlı hansısa qanunvericilik aktının qəbuluna ehtiyac olarsa, biz bunu hazırlamağa hazırıq. Bununla bağlı qanunverici orqana belə bir təşəbbüs daxil olmayıb", - komitə sədri deyib.

Xəbər lenti

Xəbər lenti