...

Azərbaycan Fövqəladə Hallar Nazirliyində çernobılçılarla görüş keçirilib

Cəmiyyət Materials 16 Aprel 2011 17:20 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyində çernobılçılarla görüş keçirilib
Azərbaycan Fövqəladə Hallar Nazirliyində çernobılçılarla görüş keçirilib

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir T.Hacıyev/

Çernobıl faciəsinin 25-ci ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyi (FHN) sistemində çalışan çernobılçılarla görüş keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşü giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə Çernobıl Atom Elektrik Stansiyasında on minlərlə insanın faciəsi ilə nəticələnmiş hadisə tarixin ən böyük texnogen qəzalarından sayıldığını bildirib. Çernobıl qəzasının acı nəticələrinin Azərbaycandan da yan keçmədiyini bildirən nazir müavini vurğulayıb ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənlimiz iştirak edib, sonralar onların 3 min nəfəri şüalanmanın təsirindən dünyasını dəyişib. O, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında çalışan çernobılçıların qayğı və problemləri ilə maraqlanıb.

Görüşdə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında bilavasitə iştirak etmiş şəxslər iştirak ediblər. Onlar çalışdıqları sahədə onlara göstərilən diqqət və qayğıdan, əlillərin dövlət tərəfindən himayə edilməsindən, onların cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından, sosial problemlərinin həllinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə ediblər.

Sovet dövründə xilasetmə işlərində çalışan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulsa da SSRİ dağıldıqdan sonra bu məsələlər arxa plana keçib və bu insanların çətin günləri başlayıb. 1993-cü il dekabr ayının 6-da Ümummilli lider Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarının statusu haqqında qanun imzalayıb. Həmin vaxtdan başlayaraq çernobılçılara dövlət tərəfindən ciddi qayğı göstərilir. Bu qayğı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.

Görüşə yekun vuran fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə çernobılçıların qayğı və problemlərinin həllinə bundan sonra da həssaslıqla yanaşılacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti