Azərbaycan, Bakı, 28 aprel /Trend/
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində cümə axşamı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 88 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Trend-in məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olduğunu, tibb elminə böyük töhfə verdiyini vurğulayıb.
Nazir Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından, oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva uğurlu elmi axtarışlar nəticəsində oftalmologiya elminə böyük töhfələr verib və müxtəlif məsul vəzifələrdə çalışıb. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə fədakarcasına mübarizəyə başlayıb, müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov, Milli Onkologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Cəmil Əliyev, Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun direktoru, akademik Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva Zərifə xanımın zəngin elmi irsindən, fəaliyyətindən danışıblar. Bildirilib ki, o, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Çıxış edənlər görkəmli alimin yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf etdiyini deyiblər. Çıxışlarda Zərifə xanım Əliyevanın ləyaqətli, humanist, xeyirxah, mehriban, fitri istedada malik novator alim, pak və nəcib bir insan olduğu qeyd olunub.
Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq "Vestnik oftalmologii" jurnalı redaksiya heyətinin üzvü olub.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.