...

Əlillərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir

Cəmiyyət Materials 1 İyul 2011 16:35 (UTC +04:00)
Sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn müddəaların icrası, səmərəli məşğulluğun təminatı və işçi hüquqlarının qorunması istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn müddəaların icrası, səmərəli məşğulluğun təminatı və işçi hüquqlarının qorunması istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Füzuli Ələkbərov ölkədə mühüm sosial proqramların icra edildiyini və sosial müdafiə tədbirlərinin daha effektli və məqsədyönlü, müasir tələblərə uyğun təşkilinin, görülən işlərdə səmərəliliyin artırılmasının nazirlik qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb.

Sosial müdafiə əhəmiyyətli yeni layihələrdən söz açan nazir yaxın vaxtlarda əlillər üçün müasir tipli müəssisələrin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinilik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya mərkəzlərinin və Sosial sığınacaqların inşasına hazırlıq işlərinin aparıldığını bildirib.

İclasda əlillərin cəmiyyətin digər üzvləri kimi dolğun həyat tərzinin təmin edilməsi üçün ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə riayət olunması, aktiv məşğulluq tədbirlərinin, həmçinin işsiz və işaxtaran vətəndaşların əmək bazarına uyğun peşə hazırlığının təşkili, vakansiyalar haqqında məlumatların toplanması, vətəndaşların əmək hüquqlarının qorunması və s. sahələrdə görülən işlər geniş müzakirə edilib.

Nazir Ələkbərov əlillərlə bağlı həyata keçirilən tədbirlərdə ənənəvi iş təcrübəsi ilə bərabər, mütərəqqi beynəlxalq təcrübədən geniş istifadə olunması, aktiv məşğulluq tədbirlərinin təşkilində işəgötürənlərin daha fəal iştirakına şərait yaradılması, vakansiyalar haqqında məlumatların vaxtlı-vaxtında toplanması, vətəndaşların əmək hüquqlarının daha etibarlı şəkildə qorunması, həmçinin uşaq əməyinin istismarı hallarının qarşısının alınması və qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti