...

Azərbaycanda elmi qrantlar vergi və rüsumlardan azad edilməlidir - Elmin İnkişafı Fondunun rəhbəri

Cəmiyyət Materials 4 İyul 2011 12:46 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi layihələrin reallaşdırılması məqsədilə ölkə daxilində büdcə hesabına müsabiqə yolu ilə alimlərə verilən qrantların vergi və rüsumlardan azad edilməsi təklifi ilə çıxış edir.
Azərbaycanda elmi qrantlar vergi və rüsumlardan azad edilməlidir - Elmin İnkişafı Fondunun rəhbəri

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi layihələrin reallaşdırılması məqsədilə ölkə daxilində büdcə hesabına müsabiqə yolu ilə alimlərə verilən qrantların vergi və rüsumlardan azad edilməsi təklifi ilə çıxış edir.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Trend-ə açıqlamasında deyib ki, fondun üzləşdiyi problemlərdən biri qrant şəklində verilən maliyyə vəsaitinin və qrant layihələri çərçivəsində baş tutan ödənişlərin vergiyə cəlb olunmasıdır. Qrant layihələri çərçivəsində icraçılar üçün nəzərdə tutulmuş əlavə (stimullaşdırıcı) əməkhaqqından da gəlir vergisi tutulur.

Fondun üzləşdiyi digər problem isə layihə üzrə istifadəsi nəzərdə tutulmuş əksər elmi cihaz və avadanlıqların xaricdən alınaraq ölkəyə idxal edilməsi zamanı idxal gömrük rüsumu və əlavə dəyər vergisinə cəlb edilməsidir.

Xarici qrantlardan fərqli olaraq, milli qrantın qeyd olunan vergi və rüsumlara cəlbi qrant maliyyə fondunun həcminin azalmasına təsir göstərir, həmçinin sənədləşmə işini artırmaqla layihələrin icrasının gecikməsinə də səbəb olur.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" 13 dekabr 2010-cu il tarixli 232 nömrəli qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxalda əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müəyyən edilib. Fondun qrant layihələri çərçivəsində xaricdən alınan elmi cihaz və avadanlıqlar fondun mülkiyyəti hesab edilməklə, elmi-tədqiqat qurumunun və ya qrupunun balansında olmaqla istifadəyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən 232 nömrəli qərarı kifayət qədər müsbət addım olsa da, elmi-tədqiqat işləri üçün nəzərdə tutulan bütün mal, material və məmulatları əhatə etmir", - Babayev deyib.

Fond rəsmisi bildirib ki, növbəti problem EİF-nin maliyyələşdirdiyi qrant layihələri çərçivəsində əldə olunması nəzərdə tutulmuş və dəyəri 2 000 AZN-dən yuxarı olan mal və materialların satın alınmasının kotirovka və tenderlərə cəlb olunması və Satınalmalar üzrə Dövlət Agentliyindən icazə alınması ilə bağlıdır.

Onun sözlərinə görə, elmi işlər üçün nəzərdə tutulmuş cihaz, avadanlıq, qurğu, mal və materiallar bir çox hallarda yalnız müəyyən şirkət, zavod və ya fabrikdə istehsal olunur, xüsusi hallarda isə elmi tədqiqata cavab verəcək parametrlər üzrə sifarişlə hazırlanır.

"Bütün bunlar, eləcə də EİF-nin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, fondun qrant layihələri çərçivəsində əldə olunan cihaz, avadanlıq, qurğu, mal və materialların, həmçinin xidmətlərin satınalınması prosesi kotirovka və tenderdən azad olunmalıdır. Hazırda bu məsələnin həlli ən ciddi problem kimi qalır, - Babayev qeyd edib.

Onun sözlərinə görə, bu prosedurların hər biri EİF tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və adıçəkilən dövlət qurumları ilə iş prosesində heç bir problem ortaya çıxmır. Lakin bu prosedurların həyata keçirilməsi əksər hallarda layihələrin, xüsusilə də eksperimentlər üçün nəzərdə tutulan, maddi texniki bazanın yeniləşdirilməsi üzrə olan layihələrin reallaşdırılmasını ləngidir.

Ona görə də elmi qrantları vergi və rüsumlardan azad etmək, Satınalmalar üzrə Dövlət Agentliyindən isə birbaşa müqavilə bağlanmasına icazə alınması prosesini sadələşdirmək Fondun işini xeyli sürətləndirərdi.

Fondun icraçı direktorunun fikrincə, bu güzəştlərin tətbiqi elmi layihələrin reallaşdırılma mərhələlərini nisbətən sadələşdirər, Prezident İlham Əliyevin imzaladığı "Elmin inkişaf strategiyası"nın daha effektli şəkildə həyata keçirilməsinə güclü təkan verər.

Babayevin sözlərinə görə, bu təkliflər qanunvericilikdə öz əksini tapması üçün artıq bəzi millət vəkillərinin diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti