...

Bu il 3 azərbaycanlı uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib

Cəmiyyət Materials 6 İyul 2011 12:19 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin övladlığa verilmə sektorunun müdiri Vəsilə Mövsümova Trend-ə bildirib ki, övladlığa verilənlər qız uşaqları olub. Onlardan 2-si Rusiya vətəndaşlarına, 1-i isə Fransa vətəndaşına verilib.
Bu il 3 azərbaycanlı uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 6 ayında 3 azərbaycanlı uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin övladlığa verilmə sektorunun müdiri Vəsilə Mövsümova Trend-ə bildirib ki, övladlığa verilənlər qız uşaqları olub. Onlardan 2-si Rusiya vətəndaşlarına, 1-i isə Fransa vətəndaşına verilib.

Sektor müdirinin sözlərinə görə, Rusiya vətəndaşları azərbaycanlılardır və onlar öz qardaşı qızlarını övladlığa götürüblər. Fransa vətəndaşı isə əslən Təbrizdəndir.

Mövsümova bildirib ki, Komitəyə övladlığa götürmə ilə bağlı müraciət edən əcnəbilər ABŞ, Fransa, İsveçrə vətəndaşlarıdır.

Ötən il ərzində iki azərbaycanlı uşaq xarici ailələrə övladlığa verilib. Uşaqlardan birini Rusiya, digərini isə ABŞ vətəndaşı övladlığa götürüb.
Komitə övladlığa götürmə üzrə mərkəzi orqan təyin edildikdən sonra ümumilikdə 18 uşaq xarici vətəndaşlara övladlığa verilib. Onlardan 12-si qız, 6-sı oğlandır.

Sektor müdiri bildirib ki, xarici vətəndaşlara övladlığa verilmiş uşaqlar əsasən xəstə uşaqlardır.

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Uşağı övladlığa götürən ailə Komitənin tələbi ilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat və şəraiti, inkişafı, təhsili və s. barədə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir.

Bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı və s. haqqında sənədlər daxildir. Həmin sənədlər vasitəsilə uşağın yaşadığı həyat şəraiti ilə tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti