...

TQDK sədri III qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balın aşağı salınmasının səbəblərini açıqlayıb

Cəmiyyət Materials 8 İyul 2011 12:28 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal 300-dən 250-yə endirilməsəydi, onda ali məktəblərdə təxminən 1000 plan yeri boş qala bilərdi.
TQDK sədri III qrup abituriyentlərinin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal balın aşağı salınmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ixtisas seçimində iştirakı üçün tələb olunan minimal bal 300-dən 250-yə endirilməsəydi, onda ali məktəblərdə təxminən 1000 plan yeri boş qala bilərdi. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il üçün ali məktəblərə plan yerlərinin sayı 8000-dən çoxdur.

"Bizim məqsədimiz o deyil ki, ali məktəbləri boş saxlayaq. Biz istəyirik ki, uşaqlar ali məktəblərdə oxusun. Onu da qeyd etməliyik ki, dövlət sifarişli ixtisaslar üzrə tələblər olduğu kimi qalıb. Bu ixtisaslar üzrə keçirilən müsabiqədə iştirak üçün yenə də 350 bal tələb olunur. Bununla yanaşı, bütün imtahan fənləri üzrə abituriyentlər 10 faiz nəticə göstərməlidirlər. Bu, kifayət qədər yüksək tələblərdir", - Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, III qrupda 350 baldan çox bal toplayan abituriyentlərin sayı 4525 nəfərdir. Amma dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı təqribən 2000 olduğu üçün bu abituriyentlərin hamısı bu ixtisaslar üzrə qəbul oluna bilməyəcək.

"Balın 50 bal aşağı salınmasına gəldikdə, nəzərə alaq ki, abituriyentlərin 40 faizindən çoxu əvvəlki illərin məzunlarıdır. Oğlanlar hərbi xidmətdən qayıdıb ali təhsil almaq istəyirlər. Yəqin ki, qızlar da ailə qurduqdan sonra yenidən təhsil almaq istəyirlər. Bunu və bu sayın çoxluğunu nəzərə alıb, biz onlara öz hesablarına ali təhsil almaq imkanı yaradırıq. Onu da deyim ki, 250 bal elə də aşağı nəticə deyil. Bizdə 0-100 bal nəticə göstərən abituriyentlər var. Belə olan halda 250 bal əvvəlki illərin məzunları üçün elə də aşağı nəticə deyil", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti