...

Təhsil Nazirliyi tələbələrin şikayətçi olduqları ali məktəblərin adlarını açıqlayıb

Cəmiyyət Materials 8 İyul 2011 14:22 (UTC +04:00)
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə iyun ayında 4781 müraciət daxil olub.
Təhsil Nazirliyi tələbələrin şikayətçi olduqları ali məktəblərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə iyun ayında 4781 müraciət daxil olub. Trend-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin əksəriyyəti sorğu xarakterli olub.

Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub.

Ötən ay "Qaynar xətt" xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhər, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub.

"Qaynar xətt" xidmətinə texniki-peşə təhsili müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Bakıdakı 3, 7, 15 nömrəli və Gəncədəki 3 nömrəli peşə liseylərindən daxil olan müraciətlərdə bir sıra nöqsanlara, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərə toxunulub. Bununla əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib.

İyun ayında məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 11 şikayət məzmunlu müraciət daxil olub. Həmin müraciətlərdə Bakı (8 müraciət) və Gəncə şəhərindəki (2 müraciət), habelə Şabran rayonundakı (1 müraciət) uşaq bağçalarında bu müəssisələrə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunur.

2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə "Qaynar xətt" xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 46 müraciət qəbul edilib. Onlardan 19-u dövlət, 9-u özəl ali təhsil, 3-ü xarici ölkələrin ali məktəbləri, 14-ü orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub.

İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə kömək göstərilməsini xahiş ediblər. Bununla əlaqədar nazirliyin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet (1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb.

Orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti