...

Ombudsman Aparatının əməkdaşları həbsdə olan partiya sədri ilə görüşüb

Cəmiyyət Materials 11 İyul 2011 15:23 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlıya aclıq aksiyasını dayandırmağı tövsiyə edib.
Ombudsman Aparatının əməkdaşları həbsdə olan partiya sədri ilə görüşüb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlıya aclıq aksiyasını dayandırmağı tövsiyə edib.

Omudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Nemət Pənahlı ilə görüşüb.

Görüş zamanı məlum olub ki, Pənahlının aclıq aksiyası keçirməsi iyulun 9-da rəsmiləşdirilib.

Aksiya keçirməsinə səbəb kimi, o, təcridxana əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını və barəsində çıxarılan məhkəmə hökmünün ədalətsiz olduğunu bildirib.

Araşdırma zamanı məlum olub ki, Pənahlı təcridxana əməkdaşlarını nalayiq sözlərlə təhqir etdiyi üçün onun barəsində 5 gün cərimə təcridxanasına keçirilmə barədə qərar qəbul edilib.

Eyni zamanda, müəssisə rəhbərliyi və əməkdaşları ilə söhbət zamanı onlar adıçəkilən məhkuma qarşı zorakı hərəkətə yol vermədiklərini, digər məhkumlar kimi kameradan çıxarılanda və qaytarılanda daxili intizam qaydalarına uyğun onun üzərində baxış keçirildiyini, bunun da onun narazılığına səbəb olduğunu söyləyiblər.

Pənahlının məhdudiyyətsiz vəkili ilə görüşdüyü, aclıq aksiyası keçirdiyi üçün həkim nəzarəti altında olduğu və hazırda öz kamerasında saxlanıldığı, özünün razılığı olarsa tibb hissəsinə köçürüləcəyi bildirilib.

Günün ikinci yarısında Bakı istintaq təcridxanasında Pənahlının mülki xəstəxananın həkimləri olan endokrinoloq və nevropatoloq tərəfindən müayinə ediləcəyi bildirilib.

Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunan Pənahlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti