...

Mətbuat Şurasında "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçirilib

Cəmiyyət Materials 14 İyul 2011 16:45 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsi çərçivəsində "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçirilib.
Mətbuat Şurasında "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçirilib

Azəraycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsi çərçivəsində "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, tədbirdə Şuranın Azərbaycanda nəşr olunan 40 qəzetdə apardığı monitorinqin bir aylıq nəticələri elan edilib.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinlikləri var.

"Əlbəttə, bilərəkdən və siyasi məqsədlərin təminatına hesablanmış jarqonlardan istifadə nisbətən arxa plana keçib. Amma sırf jurnalist yaradıcılığı baxımından nəzərə çarpan dil xətaları var ki, onlarla mübarizə vacib əhəmiyyət daşıyır. İlk növbədə, məsələyə ictimai diqqətin artırılmasına ehtiyac duyulur. Mövcud layihə həmin ehtiyacın ödənilməsinə hesablanıb və KİV-lərin dil xüsusiyyətləri ilə bağlı problemlərinin aradan qaldırılmasına dəstək göstərilməsini nəzərdə tutur", - o əlavə edib.

Layihədə ekspert qismində iştirak edən,"Xalq qəzeti"nin şöbə müdiri, dilçi ailm İlham Abbasov bildirib ki, layihə ilə bağlı həyata keçirilən başlıca iş ölkənin aparıcı, ictimai fikrə təsir göstərən KİV-lərinin monitorinqi olub. Monitorinqin ümumilikdə 40 qəzetdə aparıldığını vurğulayan Abbasov diqqəti konkret tendensiyalara çəkib.

"Azərbaycan dili türk dillərindən biridir. Türkiyə türkcəsinə daha yaxındır, amma türk sözlərindən geniş istifadə müəyyən mənada dilimizin deformasiyasına gətirir. Qəzetlərdə korrektura ilə bağlı səhvlərin mövcudluğu diqqət çəkir. Bu baxımdan durğu işarələrinin düzgün işlədilməməsini göstərmək olar. Bəzən elə olur ki, eyni söz qəzetin bir səhifəsində bir, digərində başqa cür yazılır. Ümumən beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır", - o vurğulayıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Alxan Məmmədov qəzetlərdə dil xətalarını redaktorların bilik səviyyəsinin aşağı olması ilə əlaqələndirib. Digər səbəb kimi tədrisin vəziyyətini önə çəkib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nümayəndəsi Könül Həbibova çıxışında bildirib ki, müasir dövrdə dilimizdə geniş yayılmış problemlərdən biri morfoloji strukturda kobud səhvlərə yol verilməsidir. O, şəkilçilərdən düzgün istifadə edilməməsi ilə bağlı faktların çoxluğuna diqqət çəkərək KİV-lərdə xüsusən reklam, kommersiya məqsədli çarxlarda və lövhələrdə səhvlərə yol verildiyini önə çəkib. Həbibova mediada Azərbaycan dilinin qorunmasına nəzarət edən ayrıca qurumun yaradılmasının vacibliyini vurğulayıb.

"Turan" İnformasiya Agentliyinin əməkdaşı Tapdıq Fərhadoğlu mətbuatda gedən dil xətalarının geniş təhlilinin tərəfdarı olmadığını deyib. Onun fikrincə, bu məsələdə mediadan nümunəvilik gözləmək düzgün deyil. "Hazırda dünyada vətəndaş jurnalistikası geniş yayılıb. Buna bloqerlik də deyilir. Bloqçuluq dili əslində xalq dilidir", - o deyib.

AMEA-nın Nəsimi adına Dliçilik İnstitutunun əməkdaşı Rasim Heydərov, əməkdar jurnalist Yusif Kərimov, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli layihənin əhəmiyyətini vurğulayaraq KİV-lərin öz materiallarında ana dilinin normalarına riayət etmələrinin vacibliyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti