...

Şahdağ Qış-Yay Kompleksi üçün kadrların hazırlığına başlanıb

Cəmiyyət Materials 16 İyul 2011 12:48 (UTC +04:00)
Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmağa geniş imkanlar yaradacaq Şahdağ Qış-Yay Kompleksi üçün kadrların hazırlığına artıq başlanılıb.
Şahdağ Qış-Yay Kompleksi üçün kadrların hazırlığına başlanıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmağa geniş imkanlar yaradacaq Şahdağ Qış-Yay Kompleksi üçün kadrların hazırlığına artıq başlanılıb.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, ilkin mərhələdə kompleksdə işləmək üçün təxminən 500 nəfər işçi hazırlamaq lazımdır.

Eyni vaxtda çoxlu sayda kadr hazırlamaq çətin olduğu üçün onların hazırlığı tədricən aparılmalıdır. Eyni zamanda, bu kadrlar elə hazırlanmalıdır ki, gələcəkdə başqa kadrların hazırlanmasında mühüm rol oynasınlar.

"Kompleks üçün ofisiant, barmen, aşpaz və s. işçiləri yerli kadrlardan hazırlamalıyıq. Bu, yeni iş yerlərinin açılmasına imkan verəcək. Digər tərəfdən, yerli kadrların işləməsi iqtisadi baxımdan daha səmərəlidir", - Ağakərimov söyləyib.

Assosiasiya sədrinin müşavirinin sözlərinə görə, kompleks fəaliyyət göstərdikcə və buraya gələn turistlərin sayı artıqca kadrların hazırlanması da intensiv aparılacaq.

Ağakərimov hesab edir ki, turistləri qəbul etmək baxımından kompleksin tikintisi üçün yer də düzgün seçilib.

"Qusarın havası ekoloji baxımdan çox təmizdir. Turistlər də ekoloji baxımdan təmiz olan yerə gəlirlər. Dünya standartlarına uyğun avadanlıqlarla təmin olunan kompleksə dünyanın hər bir yerindən turist qəbul edə bilərik. Amma bunun üçün indidən kadrların hazırlığını aparmaq lazımdır. Çünki bu, böyük kompleks olduğundan indidən səriştəli kadrlar hazırlamalıyıq", - Ağakərimov deyib.

Şahdağ Qış-Yay Kompleksinin 2-3 ildən sonra tam hazır olacağı gözlənilir.

Kompleksin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Kompleks Qusar şəhərindən 30 kilometr şimalda - Dağlıq Alayan kəndi ərazisində yerləşəcək.

Qafqazda və MDB məkanında analoqu olmayan bir turizm mərkəzi olacaq kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.

Kompleks 5 min turisti eyni vaxtda qəbul edə biləcək. Beynəlxalq tədbirlərin təşkili üçün də burada müvafiq şəraitin yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti