...

Balaxanı poliqonunda zərərli maddələrin azalması müşahidə olunur

Cəmiyyət Materials 18 İyul 2011 15:08 (UTC +04:00)
Balaxanı poliqonunda zərərli maddələrin azalması müşahidə olunur. Bu barədə bazar ertəsi Trend-ə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Balaxanı poliqonunda zərərli maddələrin azalması müşahidə olunur

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Hacıyev/

Balaxanı poliqonunda zərərli maddələrin azalması müşahidə olunur. Bu barədə bazar ertəsi Trend-ə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan növbəti monitorinqlər zamanı suda və torpaq örtüyünün səthində ağır metalların həcminin, havada kimyəvi birləşmələrin miqdarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi nəticəsində bütün zərərli maddələr üzrə göstəricilərin azalması aşkar olunub. Hava nümunələrinin monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı dəfələrlə aşağı düşüb. Hidrogen florid (HF), dəm qazı (CO) və xlorid turşusu (HCl) qazları isə yol verilən qatılıq həddindədir. 2010-cu ildə havada H2S qazının miqdarı 2.6 mq/m3 olduğu halda, 2011-ci ildə bu göstərici 0.05 mq/m3, sulfur dioksid (SO2) qazının miqdarı isə 1.5 mq/m3 olduğu halda, hazırda 1 mq/m3-dir.

"Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonuna nəql edilən tullantıların Böyük Şor gölünə boşaldılmasının qarşısı alınıb, həmçinin ərazidə görülmüş ekoloji tədbirlər nəticəsində su hövzəsinə mənfi təsirlər azaldılıb. Su nümunələrinin müqayisəli analizi göstərir ki, 2011-ci ildə azalma tendensiyası davam edir.

Bundan başqa, ağır metalların torpağın tərkibində tədricən azalması müşahidə olunub. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində bütün ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib, ağır metalların azalma dinamikasının sürətləndiyi aşkar olunub. Belə ki, ən zərərli maddə sayılan dioksin və furanlar 2010-cu ilin əvvəlində torpaq nümunələrində 0.113 nqTEQ/kq olduğu halda, yanğınların qarşısı tamamilə alındığından 2011-ci ildə ətraf mühitə dioksinlərin atılmasının qarşısı alınıb.

Tədqiqat nəticəsində müəyyən edilib ki, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun ərazisində (torpaq, hava və su) ətraf mühitə təsir edən parametrlər kəmiyyət baxımından xeyli yaxşılaşdırılıb.

Ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və nəticələrlə ətraflı şəkildə qurumun ofisində fəaliyyət göstərən tullantıların idarə edilməsi üzrə Məlumat və Resurs Mərkəzində tanış olmaq olar.

Xəbər lenti

Xəbər lenti