...

Qəfil ölümdən qorunmağın yolları açıqlanıb

Cəmiyyət Materials 19 İyul 2011 13:05 (UTC +04:00)
Azərbaycan da daxil olmaqla, MDB ölkələrində ürək-damar xəstəlikləri 10-15 il cavanlaşıb. Bunu Trend-ə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib.
Qəfil ölümdən qorunmağın yolları açıqlanıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan da daxil olmaqla, MDB ölkələrində ürək-damar xəstəlikləri 10-15 il cavanlaşıb. Bunu Trend-ə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, son illərdə nəinki ürək-damar xəstəliklərinə tutulma halları, ölüm halları da artıb.

İnstitut direktoru hesab edir ki, bu xəstəliklərə tutulma hallarının baş verməsində bır sıra faktorlar, o cümlədən həyat tərzinin, ekologiyanın pozulması, əsəb gərginliyi mühüm rol oynayır.

"Sovet dövründə stabil həyat şəraiti mövcud idi, təbəqələşmə yox idi, onda hamı üçün zəmanətli iş var idi. Sovet dövründə hər bir kəs, o cümlədən gənclər istirahət edə bilirdilər. Amma indi isti iyul ayı olsa da, gənclər hələ də istirahət edə bilmirlər. Bundan əlavə, gənclər kompüter arxasında yarım saat oturmalıdırlar, lakin onlar kompüter arxasında 5-6 saat fasiləsiz əyləşirlər. Bu da onların səhhətinə mənfi təsir göstərir. Yay günlərində havanın temperaturu 40-45 dərəcə isti olarkən işləmək olmaz", - Baxşəliyev deyib.

Onun sözlərinə görə, insan gün ərzində müxtəlif səbəblərdən əsəb gərginliyi keçirir. Bu zaman isə qanda toksiki maddələr, həyəcan hormonları artır. Bütün bunların da nəticəsində ürək-damar xəstəlikləri gizli formadan aşkar formaya keçir.

Baxşəliyev bildirib ki, qəfil ölüm hallarının 99 faizi ürək fəaliyyətinin pozulması nəticəsində baş verir. Qəfil ölümə əsasən ürək aritmiyası səbəb olur.

Kardioloq deyir ki, əsəb gərginliyinin getdikcə artması qəfil ölüm hallarının baş verməsinə daha çox imkan yaradır.

"Məsələn, bir şəxs işdə əsəb gərginliyi keçirir, evə gəldikdən sonra bu vəziyyəti başa düşməyən həyat yoldaşı, üstəlik qonşusu onu daha da əsəbiləşdirir. Bütün bunlar bir yerdə ürəyə təsir edəndə ölümün baş verməsi üçün şərait yaranır", - Baxşəliyev əlavə edib.

Onun sözlərinə görə, əvvəllər belə hallardan qorunmaq üçün insanlar 50 yaşdan sonra mütəmadi olaraq, həkim müayinəsindən keçməli idilər. Amma indi xəstəlik cavanlaşdığı üçün artıq insanların 35-40 yaşdan sonra ildə 1-2 dəfə həkim müayinəsindən keçməsi lazımdır.

Eyni zamanda, qəfil ölümün qarşısını almaq üçün kütləvi müayinələr aparılmalı, xəstələr aşkarlanmalı, insanlarda gizli baş verən xəstəliklər müəyyənləşdirilməli, vaxtında profilaktik tədbirlər görülməlidir.

Baxşəliyev bildirib ki, belə vəziyyətlərdən çıxış yolu üçün sağlam həyat tərzi sürmək, ekologiyanın, suyun vəziyyətini yaxşılaşdırmaq, ekoloji təmiz, keyfiyyətli qidalar qəbul etmək lazımdır. İsti yay günlərində işçilərin iş rejimi dəyişdirilməli olsa da, buna əməl edilmir.

Hər il dünyada 17 milyondan artıq insan ürək-damar xəstəliklərindən vəfat edir. Azərbaycanda ötən il 29 400 nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişib, təxminən 113 min nəfər insan ürək-damar xəstəlikləri ilə əlaqədar qeydiyyata götürülüb.

Hazırda Azərbaycanda Mərkəzi Klinik və Mərkəzi Neftçilər xəstəxanalarında açıq ürək əməliyyatları keçirilir. 2009-cu ildən Prezident İlham Əliyevin tapşırığı ilə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi fəaliyyətə başlayıb və burada uşaqların ürək əməliyyatı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti