...

Azərbaycanın bəzi orta məktəblərində fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 19 İyul 2011 14:04 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil məktəblərində araşdırma aparıb.
Azərbaycanın bəzi orta məktəblərində fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı nöqsanlar aşkarlanıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil məktəblərində araşdırma aparıb.

Trend-in məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, bır sıra məktəblərdə fənn kurikulumlarının tətbiqi ilə bağlı daha səmərəli iş aparılıb. Lakin fənn kurikulumlarının tətbiqi ilə bağlı vəziyyət Biləsuvar rayonu şəhər 2 və 4 nömrəli, Ağalıkənd kənd, Xırmandalı kənd 1 və 2 nömrəli, Astara şəhər 3 nömrəli, Ərçivan qəsəbə 4 nömrəli, Şiyəkəran kənd 1 nömrəli, Siyakü kənd, Maşxan kənd, Təngərüd kənd, Xaçmaz şəhər 3 və 7 nömrəli, Xudat şəhər 3 nömrəli, Qusar şəhər 3 nömrəli, Samux şəhər 1 nömrəli, Qarayeri qəsəbə 1 nömrəli, Sərkar kənd, Şəki şəhər 20 nömrəli, İnçə-Zunud kənd, Kiş kənd 1 nömrəli, Zaqatala şəhər 3 nömrəli, Əli Bayramlı kənd, Qandax kənd tam orta məktəblərində daha ağırdır. Eyni zamanda, araşdırma aparılan rayonların bir sıra məktəblərində qeyri-qanuni olaraq, eyni ibtidai sinifdə iki, bəzən isə daha artıq müəllimin işləməsi halları aşkarlanıb.

Həmçinin müəyyən edilib ki, müəllimlərin müəyyən hissəsinin fənn kurikulumlarının tətbiqi ilə bağlı bacarıqlarının təkmilləşdirilməsinə ciddi ehtiyac var.

Aparılmış sorğular nəticəsində məlum olub ki, müəllimlərin təxminən 30 faizi həmin məsələlərin həyata keçirilməsində çətinlik çəkirlər.

Qeyd olunan rayonlar üzrə fəaliyyəti öyrənilən məktəblərdə I-III sinif şagirdlərindən 20-30 faizinin oxu və yazı bacarıqlarının indiki tələbləri ödəmədiyi aşkara çıxarılıb.

"Ana dili", "Riyaziyyat", "Həyat bilgisi" fənlərindən isə təlim nəticələri testlər vasitəsilə yoxlanılarkən keyfiyyət göstəricisi Biləsuvar (31,6 faiz), Zaqatala (28,2 faiz), Şəkidə (26,4 faiz) xeyli aşağı olub.

Rayon təhsil şöbələrinin məsləhətçilərinin və bütövlükdə metodkabinetlərinin fənn kurikulumlarının tətbiqi istiqamətində məktəb rəhbərlərinə və müəllimlərə metodik köməyi lazımi səviyyədə deyil, bu vacib məsələnin həyata keçirilməsində məqsədyönlü sistem yaradılmayıb.

Həmçinin məlum olub ki, Astara, Xaçmaz və Qusar rayonlarının məktəblərində II-III siniflər üzrə "Ana dili"ndən mövzuların illik planlaşdırılması zamanı tədris planının tələbləri gözlənilməyib, azsaylı xalqların dillərinin tədrisinə 2, Azərbaycan dili üçün 8 saat nəzərdə tutulsa da, bu siniflərdə Azərbaycan dilindən planlaşma 10 saatla aparılıb.

Bütün bunları nəzərə alaraq, təhsil naziri Misir Mərdanovun imzaladığı yeni əmrdə qeyd olunur ki, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə sadalanan nöqsan və çatışmazlıqların 2011-2012-ci dərs ilində aradan qaldırılması üçün fəaliyyət planı hazırlanması tapşırılıb.

Bütün ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyətinin ətraflı təhlil olunması və nəticədən asılı olaraq müvafiq tədbirlərin müəyyənləşdirilməsi tapşırılıb.

Əmrə əsasən, xarici dil və qismən də informatika fənləri istisna edilməklə, digər fənlər bilavasitə sinif müəllimlərinin özü tərəfindən tədris olunmalıdır. Fiziki tərbiyə, təsviri incəsənət, musiqi dərsləri yalnız sinif müəlliminin yazılı razılığı ilə müvafiq ixtisas müəlliminə verilə bilər.

Xəbər lenti

Xəbər lenti