...

Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir

Cəmiyyət Materials 21 İyul 2011 12:53 (UTC +04:00)
Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir
Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir.

"Aliment Fondunun yaradılması vacibdir. Aliment bu fonddan ödənilməli, dövlət özü borclu ilə problemini həll etməlidir", - Trend-in məlumatına görə, cümə axşamı "Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi prespektivləri" mövzusunda keçirilən "dəyirmi masa"da Ali Məhkəmənin hakimi Mehparə Əhmədova deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan məhkəmələrinə alimentin sabit pul məbləğində təyin edilməsi ilə bağlı müraciətlərin sayı artıb.

Əhmədova bildirib ki, qanuna görə, sabit pul məbləği cavabdehin əmlak vəziyyətindən asılı olmayaraq qazancının 1/4-i məbləğində müəyyən olunur.

Hakimin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemin həlli məqsədilə məhkəmələrin alimentin ödənilməsi ilə bağlı qərarları dərhal icraya yönəlməlidir.

Yeni qanunvericilikdə bu ləğv olunaraq belə qərarlar qüvvəyə mindiyi vaxtdan icraya yönəldilir.

Hakim bildirib ki, alimentlə bağlı qərarların icrasında ciddi problemlər var.

"Borclu, yəni alimenti verən tərəf iş yerini, gəlirlərini, əmlakını gizlədir. Bu da məhkəmə qərarlarının qəbulu zamanı ciddi problem yaradır. Həmçinin borclu iş yerinin, yaşadığı
yerin ünvanını gizlədir, əmək haqqının cüzi hissəsini rəsmiləşdirir. Müəyyən hallarda borclu işsiz olur, alimenti ödəyə bilmir. Bu da alimentin ödənilməsi ilə bağlı qərarın icrasında problem yaradır", - Əhmədova əlavə edib.

Ötən il respublika üzrə birinci instansiya məhkəmələrində alimentlə bağlı 1850 işə baxılıb, onlardan 1545-i təmin olunub; apelyasiya məhkəmələrində 378 işə baxılıb, 253 iş üzrə qətnamə qüvvədə saxlanılıb; Ali Məhkəmədə 75 işə baxılıb, 65 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Bu ilin 6 ayında Ali Məhkəmədə alimentlə bağlı 29 işə baxılıb 27 iş üzrə qətnamə qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti