...

Azərbaycan Təhsil Nazirliyi hicabla bağlı maarifləndirmə işləri aparır

Cəmiyyət Materials 27 İyul 2011 15:32 (UTC +04:00)
Orta məktəb şagirdlərinin dərsə hansı formada gəlməsini hər hansı qrup və hərəkat müəyyən etmir. Bu, qanunla müəyyən olunur.
Azərbaycan Təhsil Nazirliyi hicabla bağlı maarifləndirmə işləri aparır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Orta məktəb şagirdlərinin dərsə hansı formada gəlməsini hər hansı qrup və hərəkat müəyyən etmir. Bu, qanunla müəyyən olunur. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün apardığı kampaniyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"nə əsasən, şagirdlərin geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və həll olunur.

"Əvvəllər həmişə jurnalistlər və ictimaiyyət nümayəndələri nazirlik qarşısında məsələ qaldırardı ki, niyə məktəbli forması tətbiq olunmur. İndi artıq məktəbli forması tətbiq olunub. Məktəbli formasının tətbiqi haqqında təhsil nazirinin əmri də belə oldu ki, bu məsələ bilavasitə valideynlər, yuxarı sinif şagirdləri, məktəb kollektivi, ictimaiyyət nümayəndələrinin rəyi, birgə məsləhətləşməsi nəticəsində həll olunsun. Biz tərəfdarıyıq ki, şagirdlər eyni geyim formasında məktəbə gəlsinlər. Nizamnamənin 1.8-ci maddəsində də qeyd olunub ki, şagirdlərin geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Azərbaycan dünyəvi dövlətdir. Şagirdlər də qanuna uyğun olaraq, məktəbə vahid geyim formasında gəlməlidirlər", - Əhmədov deyib.

Nazirlik rəsmisi bildirib ki, müəyyən rayonlarda hicabla dərsə gələn şagirdlər var. Amma ümumilikdə ölkənin orta məktəblərində belə şagirdlərin sayı həddindən artıq azdır.

Növbəti tədris ilində hicab taxan şagirdlərin dərsə hicabsız gəlməsi üçün görülən tədbirlərə gəldikdə, Əhmədov deyib ki, bununla bağlı müəyyən işlər görülür. Rayon təhsil şöbələri və digər aidiyyəti şəxslər tərəfindən müəyyən təbliğat işləri aparılır və valideynlərə bu məsələ ilə bağlı mövcud qanunvericilik izah edilir.

"Amma hicaba görə şagirdləri məktəbə buraxmamaq, dərsdən kənarlaşdırmaq söhbəti yoxdur. Sadəcə olaraq, bu məsələ ilə bağlı mövcud qanunvericilik camaata izah olunur", - Əhmədov söyləyib.

O deyib ki, müəyyən valideynlər uşaqlarının dərsə hicabla getmələrini əsaslandırmağa çalışırlar. Amma məlum olur ki, hicab taxmaq şagirddən deyil, valideyndən asılıdır.

"I sinfə gedən uşaq heç hicabın mahiyyətini başa düşmür. Hicab taxmaq müəyyən valideynlərin öz uşaqlarını bu məsələyə tabe etdirmək istəyindən irəli gəlir. Amma əlimizdə qanun var. Hamımız da o qanuna tabeyik. Məktəb özü öz nizamnaməsi ilə bunu həll edir", - Əhmədov bildirib.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün müraciət kampaniyası aparıb. Bu kampaniya çərçivəsində Azərbaycan vətəndaşlarından 100 mindən artıq imza toplanıb.

Müraciətə qoşulanlar arasında bir sıra tanınmış şəxslər də var.

Xəbər lenti

Xəbər lenti