...

Niderlandda azərbaycanlı Milli Qəhrəmanın adına park salınacaq (FOTO)

Cəmiyyət Materials 29 İyul 2011 14:52 (UTC +04:00)
Niderlandda azərbaycanlı Milli Qəhrəmanın adına park salınacaq
Niderlandda azərbaycanlı Milli Qəhrəmanın adına park salınacaq  (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Niderlandın Osterveyk şəhərində Niderlandın Azərbaycan əsilli Milli Qəhrəmanı, Antifaşist hərəkatının məşhur üzvü, "Medo" ləqəbli Məmməd Məmmədovun adına park salınacaq. Bu barədə Trend-ə Osterveyk şəhərinin meri Hans Yansen bildirib. Onun sözlərinə görə, belə bir parkın yaradılmasında məqsəd İkinci Dünya müharibəsi illərində həlak olmuş insanların xatirəsini əbədiləşdirməkdir.

Yansen qeyd edib ki, parkın açılışından əvvəl onun ətrafında bir sıra binaların tikilməsi zəruridir və buna görə də proses bir qədər uzun çəkə bilər.

O bildirib ki, parkın yaradılması üçün uzun zamanın tələb olunması onu göstərir ki, görülən iş qənaətbəxş olacaq.

"Bizim məqsədimiz odur ki, parkı yaradaq. Bu, həm dövlətimizin, həm də Kraliçamızın bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Hesab edirik ki, möhtəşəm bir park olacaq. Uzun müddət çəkəcəyinə baxmayaraq, parkın açılışında hamınızı gözləyirik. Hesab edirik ki, bu, hər birinizin xoşuna gələcək", - Yansen vurğulayıb.

Mer qeyd edib ki, Məmməd Məmmədov bütün xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin olmasının tərəfdarı olub.

Yansenin sözlərinə görə, Niderland Azərbaycan ilə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır.

"Azərbaycanla əlaqələrin qurulması, xüsusilə iqtsadiyyat, mədəniyyət və turizm sahəsində münasibətlərin qurulması və əməkdaşlıq bizim üçün əhəmiyyətlidir. Biz bu sahəyə xüsusi diqqət ayırırıq və bu sahə bizim üçün prioritet sahələrdən biridir. Hesab edirik ki, bu sahədə körpü rolunu oynamağı öz üzərimizə götürə biləcəyik", - Yansen deyib.

Osterveyk meri Bakı və Osterveyk şəhərləri arasında əlaqələrin qurulması məsələsinə də toxunub. İki şəhər əhalisi arasında böyük fərqlərin olduğunu deyən Yansen vurğulayıb ki, buna baxmayaraq, iki şəhər arasında dostluq əlaqələri mövcuddur.

"Mənim Azərbaycanda səfərdə olmağımın, istər Bakıda, istərsə də Zaqatalada görüşlər keçirməyimizin başlıca məqsədi sırf dostluq əlaqələrini bundan sonra da inkişaf etdirməkdir", - o qeyd edib.

Bakı şəhəri haqqında təəssüratlarına gəlincə, Osterveyk meri deyib ki, Bakı son dövrlər ən çox inkişaf etmiş şəhərlər sırasındadır.

"Bakının tarixinə nəzər salsaq görərik ki, son dövrdə Bakıda binaların sayı artıb, bu binalar da şəhərə xüsusi gözəllik və yenilik gətirib. Bu, bütün dünyada yaşayan azərbaycanlılar üçün fəxr mənbəyi hesab olunmalıdır", - Yansen bildirib.

O, Azərbaycanın geniş inkişaf perspektivləri olduğunu deyib və əlavə edib ki, ölkədə istər neft sektoru, istərsə də qeyri-neft sektoru sahəsində inkişaf özünü biruzə verir.

"Azərbaycanın bugünkü potensialı, iyirmi faiz torpağının işğal altında olmasına baxmayaraq, dünya birliyində güclü bir dövlət olaraq öz yerini tutması hər bir azərbaycanlının fəxr mənbəyi olaraq qalır. Bu cür inkişafla hər bir azərbaycanlı fəxr etməlidir", - Hans Yansen bildirib.

Məmməd Məmmədovun qızı Nensi Doomen (qızlıq adı Nənəxanım Məmmədova) Trend-ə bildirib ki, Məmməd Məmmədovu Niderlandda hamı tanıyır və insanlar onun adını böyük sevgi və hörmətlə anırlar.

"O, müsbət keyfiyyətlərə malik insan idi. Onun müsbət keyfiyyətlərindən biri də xeyirxah olması idi", - Doomen deyib.

Nensi Doomen onu da bildirib ki, Məmməd Məmmədov öz doğma Vətəni olan Azərbaycanı çox sevirdi və Vətəninə qayıtmaq istəyiridi. Lakin sağlığında buna heç cür imkanı olmayıb.

Xəbər lenti

Xəbər lenti