...

Gülüstan qalasında yeraltı gizli yol aşkar edilib

Cəmiyyət Materials 15 Avqust 2011 12:24 (UTC +04:00)
Şamaxı rayonundakı Gülüstan qalasında aparılan arxeoloji qazıntılar zamanı Şirvanşahlar dövlətinin dövründə (IX-XVI əsrlər) tikilmiş saraya aparan yeraltı gizli yol aşkar edilib.
Gülüstan qalasında yeraltı gizli yol aşkar edilib

Azərbaycan, Bakı, 15 avqust / Trend, müxbir M.Əliyev/

Şamaxı rayonundakı Gülüstan qalasında aparılan arxeoloji qazıntılar zamanı Şirvanşahlar dövlətinin dövründə (IX-XVI əsrlər) tikilmiş saraya aparan yeraltı gizli yol aşkar edilib. Bunu Trend-ə bazar ertəsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev bildirib.

Onun sözlərinə görə, həmin yol mühasirələr zamanı düşmənə arxadan zərbə vurmaq və qala işğal edilərsə, Şirvanşahın qalanı tərk etməsi üçün nəzərdə tutulurmuş.

Ekspedisiyanın rəhbəri deyib ki, gizli yol Gülüstan qalasının yaxınlığından keçən Zoğalavay çayının sahilinə çıxır və yolun yaxınlığında körpünün qalıqları da aşkara çıxarılıb.

Quliyevin sözlərinə görə, daha dolğun məlumatlar əldə etmək üçün hazırda ekspedisiya ərazisinə tarixçilər və alimlər cəlb olunub.

"Qazıntılar zamanı həmçinin sarayda dəfn olunmuş iki nəfərin skeleti aşkar olunub ki, bunların da Şirvanşahlar sülaləsinin nümayəndələri ola bilər. Çünki sarayda həmin dövrdə yalnız sülalədən olan şəxslər dəfn olunurdu", - Quliyev deyib.

Dəfələrlə Şirvanşahların son sığınacağı olan Gülüstan qalası saysız yürüşlərin qarşısını alıb. Tarixçilərin bildirdiklərinə görə Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında I Şah Təhmasib vurub və Səfəvi-Osmanlı savaşlarının məngənəsində Gülüstan qalası dağıdılıb.

Xəbər lenti

Xəbər lenti