Azərbaycan, Bakı, 24 avqust /Trend/
Fransanın paytaxtı Parisdə cüdo üzrə dünya çempionatında çərşənbə günü iki Azərbaycan idmançısı London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq.
Trend-in məlumatına görə, kişilər arasında 73 kq çəkidə Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə görüşəcək.
Qadınlar arasında isə 57 kq-da mübarizə aparan Kifayət Qasımova Haitini təmsil edən Jan Batist Anj Mersi ilə yarışacaq.
Dünən DÇ-də 60 kq çəki dərəcəsində güləşən İlqar Muşkiyev bürünc medal qazanıb. Təsəlliverici yarışda Azərbaycan idmançısı erməni mənşəli Rusiya idmançısı Rasten Galstyana qalib gəlib.
136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanırlar. 2-ci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazandırır.