...

Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 27 Avqust 2011 13:59 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti sabahadək davam edəcək. Avqustun 28-də səhər respublikanın əvvəlcə qərb, günün ikinci yarısında isə şərq rayonlarında yağıntıların kəsiləcəyi gözlənilir.
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qeyri-sabit hava şəraiti sabahadək davam edəcək. Avqustun 28-də səhər respublikanın əvvəlcə qərb, günün ikinci yarısında isə şərq rayonlarında yağıntıların kəsiləcəyi gözlənilir. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Avqustun 29-u gündüzdən başlayaraq, sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tağıyeva bildirib ki, ötən günlər ərzində havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə aşağı olub.

Avqustun 29-dan başlayaraq temperatur tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.

Avqustun 29-da Azərbaycanın paytaxtında havanın temperaturu 27-30, avqustun 30-dan sentyabrın 1-dək 32-34 dərəcə isti olacaq.

Həmin müddətdə Mərkəzi Aran rayonlarında 28-33, avqustun 30-31-də bəzi yerlərdə 35 dərəcə isti olacaq. Dağlıq rayonlarda havanın temperaturu 17-22 dərəcəyə yüksələcək.

Tağıyevanın sözlərinə görə, avqustun 29-u gündüzdən paytaxtda şimal küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək. Sonrakı 2-3 gün ərzində cənub küləyi üstünlük təşkil edəcək. Avqustun 31-də gündüz cənub küləyinin sürəti bir qədər artacaq.

Avqustun 28-29-da Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23, sonrakı günlərdə 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 29, 30-u Azərbaycanda Ramazan bayramıdır. Bayramla əlaqədar avqustun 29, 30 və 31-i istirahət günləri hesab olunur.

Xəbər lenti

Xəbər lenti