Azərbaycan, Bakı, 31 avqust /Trend/
Avqustun 30-da Tavuş vilayətində dislokasiya olunmuş hərbi hissələrdən birinin yaradılması münasibətilə Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmin hərbi hissəyə baş çəkib.
Trend-in məlumatına görə, Seyran Ohanyan təbrik nitqində ordudakı çatışmazlıqlardan danışıb və bəyan edib ki, rəhbərlik "onları gizlətmir və son vaxtlar bu çatışmazlıqlar barədə xüsusilə çox danışılır, çünki ordu məhz belə siyasət seçib: əgər hərbi sirr deyilsə, cəmiyyətdən heç nə gizlətməmək".
Seyran Ohanyan jurnalistlərin suallarına cavab verərkən hərbi qulluqçu Aqasi Abramyanın öldürülməsi ilə bağlı faciəli insidentə toxunub. Müdafiə naziri bəyan edib ki, belə hallarda yalnız rəsmi məlumatlara diqqət yetirmək lazımdır, yerli komandirlərin dedikləri isə yalnız dedi-qodudur. "Avqustun 26-da Aqasi Abramyan huşsuz vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə, oradan da vəfat etdiyi hospitala gətirilib. Onun bədənində zorakılıq əlamətləri aşkar edilib, cinayət işi qaldırılıb. Bunu heç kim inkar etmir, onu döyən şəxslər aşkar ediləcək. Cinayət işi çərçivəsində ciddi işlər görülür, bütün günahkarlar cəzalandırılacaq", - müdafiə naziri bəyan edib.
Ohanyan onu da bildirib ki, Ermənistanda hərbi xidmət müddətinin dəyişdiriləcəyi barədə şayiələrin də heç bir əsası yoxdur. "Yaxın gələcəkdə orduda xidmət 2 il dəyişməz qalacaq. Eyni zamanda, Müdafiə Nazirliyi peşəkar hərbi xidmətə keçid prosesini də stimullaşdırmaq istəyir. İndi sərhəd yaşayış məntəqələrinin müdafiəsini müqavilə üzrə müddətdən artıq xidmət edən hərbçilər həyata keçirir. Bununla biz həm də sosial problemləri həll etməyə çalışırıq", - Seyran Ohanyan bildirib.