...

İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edilib

Cəmiyyət Materials 2 Sentyabr 2011 15:40 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Trend-in hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, Urmiya gölünün qurudulmasına və İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz əlaməti olaraq keçirilən aksiyada "Urmiya gölünün qurudulmasını dayandırın!" şüarı səsləndirilib.

Aksiya iştirakçıları etiraz aksiyasının qətnaməsini səfirlik əməkdaşlarına təqdim ediblər.

Həmçinin, Urmiya gölünün qurudulmasına etiraz olaraq səfirlik binası qarşısına bir çəllək su qoyulub.

Aksiya icazəsiz olduğundan, polis onun keçirilməsinə imkan verməyib və aksiyanı dağıdıb.

İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölü dünyanın ikinci ən duzlu gölüdür.

İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru Əli Nəzərdust bundan əvvəl bildirmişdi ki, İranın ən böyük gölü olan Urmiya gölünün 1/3 hissəsi quruyub. Onun sözlərinə görə, regionda su bəndlərinin tikilməsi, qeyri-elmi layihələr, yağıntının azlığı və digər amillər Urmiya gölünün qurumasına səbəb olub.

Urmiya gölündə hazırda hər bir litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Bu gölün ərazisi 5 000 kvadratkilometr olub.

Avqustun 28-də Urmiya gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları İran parlamenti və hökumətinin bu gölün vəziyyəti ilə əlaqədar konkret addımlar atmamasına etirazlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti