...

Yol Polisi: Bakıda tıxacların vaxtında aradan qaldırılması üçün kameralar vasitəsilə avtomobillərin hərəkəti tənzimlənir

Cəmiyyət Materials 13 Sentyabr 2011 15:37 (UTC +04:00)
Bakıda yaranmış tıxacların vaxtında aradan qaldırılması üçün kameralar vasitəsilə küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət olunur.
Yol Polisi: Bakıda tıxacların vaxtında aradan qaldırılması üçün kameralar vasitəsilə avtomobillərin hərəkəti tənzimlənir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaranmış tıxacların vaxtında aradan qaldırılması üçün kameralar vasitəsilə küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət olunur.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, kameralarla nəzarət zamanı hansısa yolda avtomobillərin hərəkətində sıxlıq və tıxac yarananda ərazidə xidmət aparan naryad həmin qaynar nöqtəyə göndərilir.

"Sürücülər tıxac yarananda yol polisi əməkdaşlarının həmin ərazidə müvafiq iş aparmamasından, tıxac yaranan ərazidə yol polisinin olmamasından narazılıq edirlər. Sürücülərə elə gəlir ki, həmin yerdə polis yoxdur. Sürücülər yolun tıxacın yaranan hissəsini görmür deyə, belə yanlış fikirlər yürüdürlər. Lakin yol polisi əməkdaşları tıxac olan əraziyə operativ müdaxilə edirlər", - Əliyev deyib.

Şöbə rəisi yollarda böyük tıxacların yaranmasında, həmin ərazidə yolun vaxtında açılmamasında sürücülərin əngəl yaratdığını deyir.

Onun sözlərinə görə, tıxac olan ərazilərdə yolun açılması məqsədilə xidmət göstərən müfəttişlərin tələblərinə sürücülər tərəfindən əməl edilmir.

"Bəzi sürücülər qarışıqlıqdan istifadə edib inspektorun tələbinə əməl etmirlər. Bu hal tıxacların açılmasında çətinlik yaradır", - Əliyev vurğulayıb.

İdarə sözçüsü bildirib ki, sürücülər və digər hərəkət iştirakçıları yollarda yaranan tıxaclarla bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinə 012 510 72 80 və 012 510 72 81 nömrəli telefonlara zəng edərək məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti