...

2 aprel məhbuslarının işi üzrə məhkəmə baxışı davam etdirilib

Cəmiyyət Materials 16 Sentyabr 2011 18:22 (UTC +04:00)
Sentyabrın 16-da Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə baxışı davam etdirilib.
2 aprel məhbuslarının işi üzrə məhkəmə baxışı davam etdirilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 16-da Bakının Səbail rayon məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin işi üzrə məhkəmə baxışı davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə iclasında 3 nəfər şahid, 6 nəfər mülki iddiaçı kimi tanınan zərərçəkmiş və onların nümayəndəsi, o cümlədən 3 zərərçəkmiş polis əməkdaşı olmaqla, 12 nəfər dindirilib.

Şahid Eyvaz Hüseynov təqsirləndirilən şəxs Fuad Qəhrəmanlının, digər şahidlər Maarif Kazımov və Evxan Məmmədov isə təqsirləndirilən şəxs Tural Abbaslının 2 aprel 2011-ci ildə Bakının mərkəzində "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə həmin təqsirləndirilən şəxslərin öz fəal hərəkətləri ilə polis əməkdaşlarının dağılışma və digər qanuni tələblərinə əməl etmədiklərini, ictimai qaydanın pozulması, sakinlərin narahatçılığı və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlərə yol verən digər şəxslərlə birlikdə fəal iştirak etdiklərinə görə saxlandıqlarını göstəriblər.

Zərərçəkən Rafiq Muradov, Məcid Yusifov və İlham Zamanov ictimai qaydanın pozulmasının qarşısını alarkən qanunsuz hərəkətlərin iştirakçılarının onlara xəsarət yetirdiklərini bildirməklə həmin hərəkətlərin təşkilatçıları Hacılı, Qəhrəmanlı, Abbaslı və Məcidlinin təqsiri bilindikləri halda qanun çərçivəsində cəzalandırılmalarını tələb ediblər.

Daha sonra iş üzrə ifadə və izahat vermiş zərərçəkən və ya mülki iddiaçıların nümayəndələri bildiriblər ki, 2 aprel 2011-ci ildə Bakının mərkəzində "Fəvvarələr" meydanı və yaxın ətraf ərazilərdə ictimai qaydanın pozulması və nəqliyyatın normal hərəkətlərinin pozulmasına səbəb olan hərəkətlər nəticəsində onlara - "EN Trans Çinar" MMC-nin nümayəndəsi Elxan Qubatov 510 manat, "Qasid" ASC-nin nümayəndəsi Elmar Əhmədov 27 manat, "Tüstü" mağazasının nümayəndəsi Etibar Məmmədov 580 manat, "Mister Komp" mağazasının nümayəndəsi Əmiraslan Əliyev 2700 manat, DİN-in nümayəndəsi İlqar Məmmədov 8744 manat, fiziki şəxs Şahnisə Məmmədovanın nümayəndəsi Eldar Bağırov 850 manat ziyan vurulduğunu bildirib və ziyanın təqsirli şəxslərdən tutularaq onlara ödənilməsini tələb ediblər.

Məhkəmə baxışı iclaslarında sonuncu prosesədək 47 zərərçəkən və ya mülki iddiaçının nümayəndəsindən 35-i, o cümlədən 26 şahiddən isə 16-sı dindirilməklə proses 19 sentyabr 2011-ci il saat 10:30-a təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti