...

Vergi Apellyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin şikayətini təmin edib

Cəmiyyət Materials 17 Sentyabr 2011 12:16 (UTC +04:00)
Vergi Apelyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin Azərbaycandakı filialında aparılmış səyyar vergi yoxlamasının nəticələrindən verdiyi şikayətə baxıb.
Vergi Apellyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin şikayətini təmin edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Vergi Apelyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin Azərbaycandakı filialında aparılmış səyyar vergi yoxlamasının nəticələrindən verdiyi şikayətə baxıb.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, şirkətin direktoru Samirə Baxşıyeva avqustun 11-də nazirliyə müraciət edərək filialda 2009-cu ilin mart ayından 2010-cu ilin dekabr ayınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasının aparıldığını, yoxlamanın gedişatında yoxlayıcı tərəfindən "Azərenerji" ASC-dən 2010-cu ilin dekabr ayında avans ödənişin alınmasının Filial tərəfindən ƏDV bəyannaməsində əks etdirilməməsi məsələsinin qaldırıldığını, alınmış məbləğin avans ödənişi olmadığını, ödənişin "Azərenerji" ASC tərəfindən səhvən ödənildiyini və bu ilin fevral ayında Departamentin nümayəndəsi ilə görüş zamanı sübut və dəlillərin təqdim edilməsinə baxmayaraq qurumun mövqeyinin dəyişmədiyini qeyd edib.

Apelyasiya Şurasının araşdırması zamanı məlum olub ki, ötən il noyabrın 22-də Filial Azərenerji ASC-yə məbləği müqavilə qiymətinin 85 faizini təşkil edən avans hesab (invoys) təqdim etmiş, lakin 10 dekabr 2010-cu il tarixli müvafiq ləğvetmə sənədi (credit note) ilə bu hesab ləğv edilərək "Azərenerji" ASC-yə təqdim olunmuşdur.

Lakin 29 dekabr 2010-cu il tarixdə "Azərenerji" ASC səhvən Filialın bank hesabına müqavilə ilə müəyyən edilmiş əsas məbləğ və subuçot hesabına isə müvafiq ƏDV məbləğini köçürmüşdür.

Müvafiq ödəniş tapşırığında da ödəniş üçün əsas kimi 22 noyabr 2010-cu il tarixli invoys deyil, səhvən 10 dekabr 2010-cu il tarixli ləğvetmə sənədinin (credit note) rekvizitləri qeyd edilmişdir.

"Azərenerji" ASC tərəfindən ödənilmiş əsas məbləğ 11 yanvar 2011-ci il tarixdə, ƏDV məbləği isə 14 yanvar 2011-ci il tarixdə Filial tərəfindən müvafiq qaydada geri qaytarılmışdır.

22 noyabr 2010-cu il tarixli vergi hesab-fakturası 2 dekabr 2010-cu il tarixdə ləğv edilmiş və həmin elektron vergi hesab-fakturası üzrə "Azərenerji" ASC ƏDV-ni əvəzləşdirməmişdir. Göründüyü kimi, Azerenerji tərəfindən səhvən Filiala ödənilmiş vəsait vergitutma obyekti deyil və vergi tutulan əməliyyat sayılmır.

İş üzrə araşdırma materialları, əlavə olaraq təqdim edilmiş sənədlər və şikayətçinin gətirmiş olduğu dəlilləri diqqətlə araşdıran Vergi Apelyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin Azərbaycan Respublikasındakı filialının şikayətinin təmin edilməsi və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 2 avqust 2011-ci il tarixli Qərarın ləğv edilərək Səyyar vergi yoxlaması Aktının nəticələrinə yenidən baxılması haqqında Qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti