...

Azərbaycanda turizmin inkişafında medianın rolu müzakirə olunub

Cəmiyyət Materials 20 Sentyabr 2011 17:55 (UTC +04:00)
"Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycanda turizmin inkişafında medianın rolu müzakirə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, çərşənbə axşamı Mətbuat Şurasında baş tutan toplantını giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb. O bildirib ki, rəhbərlik etdiyi qurum ölkə mediasında müxtəlif sahələr üzrə maarifləndirmə işlərinin aparılmasına ciddi önəm verir. 2011-ci ilin "Turizm ili" elan olduğunu xatırladan Amaşov bu baxımdan kütləvi informasiya vasitələrinin mövcud istiqamətdəki fəaliyyət intensivliyinin vacibliyindən söhbət açıb.

"Ölkə Prezidentinin təsdiqlədiyi Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən KİV-lərdə "2011-ci il Turizm ilidir" devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Bunun icrasına məsul qurumlar içərisində Azərbaycan Mətbuat Şurasının da adı var. Televiziya və radiolarda "Turizm ili" ilə bağlı kifayət qədər veriliş və proqramlar yayımlanır. Mətbuatın da məsələyə diqqəti müşahidə edilir. Təkcə onu deyim ki, ötən 6 ay ərzində ölkənin aparıcı kütləvi informasiya vasitələrində turizmlə əlaqədar çoxsaylı materiallar yer alıb. Onların 87 faizi informasiyalardır. Bu baxımdan analitik məzmunlu və daha çox təşəbbüs ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil edib. Materialların 4 faizi isə reportaj janrındadır. Ümumən medianın, xüsusən də çap mediasının məsələyə diqqətinin artırılması vacibdir. Turizm özlüyündə geniş infrastrukturu birləşdirən sistemdir və ondan yazmaq jurnalistlərdən xüsusi hazırlıq tələb edir. Tədbirimiz bu istiqamətlərdə fikir mübadiləsi aparmaq məqsədi daşıyır", - Amaşov vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi dövlət qurumunun mətbuata açıq olduğunu, KİV-lərlə əməkdaşlığa böyük önəm verdiyini bildirib və bunu mədəniyyətin və turizmin inkişafına nail olmağın mühüm vasitələrindən biri kimi dəyərləndirib.

"Mədəniyyət və turizm sahələri bir-birinə çox bağlıdır. Məhz buna görə də cənab Prezident 2006-cı ildə bu iki istiqamətdəki işlərin eyni mərkəzdən idarə olunmasına, bir növ vəhdətin yaradılmasına xidmət edən sərəncam imzaladı - Mədəniyyət və Turizm Nazirliyi yarandı. Azərbaycanda turizm sahəsi nə qədər çox inkişaf etsə, mədəniyyətimiz də bir o qədər çox təbliğ olunar", - Qarayev bildirib.

Ölkədə turizmin inkişafı ilə bağlı paralellər aparan Qarayev bildirib ki, 2001-ci ildə tam dağınıq vəziyyətdə olan sahədə artıq əsaslı irəliləyişlərə nail olunub. Bu baxımdan 2006-cı ildə qəbul olunmuş dövlət proqramının xarakterik xüsusiyyətlərindən bəhs edən nazir, sənədə uyğun olaraq həyata keçirilən işlərdə təkcə bir nazirliyin deyil, digər qurumların da qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.

Qarayev ölkəmizdə turizmin inkişafı nöqteyi-nəzərdən əhəmiyyətli olan iri layihələr barədə də ətraflı məlumat verib.

"Olaylar" İnformasiya Agentliyinin və eyniadlı qəzetin rəhbəri Yunus Oğuz bildirib ki, gələn il Azərbaycanda keçiriləcək "Eurovision" musiqi yarışması ölkəmizin mədəni irsinin təbliği, eləcə də ölkənin turizm potensialının dəyərləndirilməsi baxımından müstəsna təkanverici hadisədir.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli turizmin inkişafında medianın müstəsna roluna diqqət çəkərək qeyd edib ki, KİV-lərin mövcud sahə üzrə mütəmadi məlumatlandırılmasına ehtiyac var. Bu işdə də müxtəlif brifinqlərin və konfransların təşkili müstəsna yer tutur.

Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və digər şəxslər öz fikirlərini səsləndirib, təkliflərini irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti