...

TQDK rezidenturaya qəbul imtahanları ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib

Cəmiyyət Materials 23 Sentyabr 2011 16:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanları ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirmək məqsədilə ictimaiyyətə müraciət edib.
TQDK rezidenturaya qəbul imtahanları ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanları ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirmək məqsədilə ictimaiyyətə müraciət edib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü Trend-ə bildirib ki, son günlər TQDK-ya rezidenturaya qəbul imtahanlarına hazırlaşan gənclərin çoxsaylı müraciətləri daxil olmaqdadır. Bu müraciətlərdə hansısa "ekspert"lərin rezidenturaya qəbul imtahanında istifadə olunması nəzərdə tutulan suallardan guya əvvəlcədən xəbərdar olduqları və həmin sualları müəyyən ödənişlər müqabilində kimlərəsə satdıqları qeyd olunur.

Bunun mümkünsüz olduğunu deyən Nağızadənin sözlərinə görə, rezidenturaya qəbul imtahanı ilə bağlı böyük həcmli testlər bankı yaradılıb.

Bu banka baza ali tibb təhsili səviyyəsinin hər bir istiqaməti üzrə ayrılıqda bir neçə min sual daxildir ki, həmin sualların formalaşdırılmasında onlarla yerli və xarici ekspert iştirak ediblər. Xarici ekspertlər əsasən Türkiyə, Rusiya, eləcə də MDB-nin bir sıra respublikalarını təmsil edirlər.

Hər bir sual test bankına təqdim olunduqda tamamilə fərqli ekspertlər tərəfindən yoxlamadan keçirilib və müəlliflərin özlərinin təqdim etdikləri hansı sualların banka daxil edildiyini bilməsi mümkünsüzdür. Ümumilikdə isə qeyd olunan test bankında olan sualların həcminin çoxluğu, məxfiliyin xüsusi kompyuter proqramları ilə qorunması həmin suallardan hər hansı şəxs və ya şəxslərin xəbərdar olması imkanlarını tamamilə aradan qaldırır.
Nağızadə deyib ki, TQDK tərəfindən rezidenturaya qəbul imtahanlarında test bankının təhlükəsizliyinin yüksək standartlarla təmin edildiyi sentyabrın 10-da və 11-də keçirilmiş sınaq imtahanlarında bir daha özünü göstərib.

O bildirib ki, sentyabrın 24-25-də keçiriləcək rezidenturaya qəbul imtahanları ilə əlaqədar TQDK tərəfindən sentyabrın 19-dan etibarən qapalı bunker formalaşdırılıb. Həmin bunkerə cəlb olunmuş ekspertlər ətraf aləmdən tam təcrid olunmuş şəraitdə çalışırlar.

"Bundan əlavə onların sualların seçilməsində heç bir rolları yoxdur. Ekspertlər təsadüfi seçim əsasında kompyuter proqramlarının təqdim etdiyi sual variantlarının son ekspertizasını aparır, həmin suallarda texniki səhvin olub-olmadığını yoxlayırlar. İmtahan başa çatanadək onlar qapalı rejimdə çalışacaqlar", -Nağızadə əlavə edib.

O, rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə çatdırıb ki, əsassız fikirlərə, müxtəlif "işbazlar"ın yalan vədlərinə inanmasınlar. TQDK rezidenturaya qəbul imtahanını digər imtahanlarda olduğu kimi tam şəffaf və obyektiv şəraitdə aparacaq.

Xəbər lenti

Xəbər lenti