...

Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı beynəlxalq gənclər forumu öz işinə başlayıb

Cəmiyyət Materials 27 Sentyabr 2011 14:40 (UTC +04:00)
Bakıda çərşənbə axşamı "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı beynəlxalq gənclər forumu öz işinə başlayıb.
Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı beynəlxalq gənclər forumu öz işinə başlayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə axşamı "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı beynəlxalq gənclər forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun açılışında bildirib ki, tədbirdə mədəniyyətlərarası dialoq, gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənclərin mövcud konfliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, yaşlı nəslin nümayəndələri bir-birini yaxşı tanıyır və forum iki ölkənin gənclərinin biri-birini yaxşı tanıması üçün şərait yaradacaq.

"Bizdə deyirlər ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bu səbəbdən, iki qonşu ölkənin gənclərinin yaxın təması vacibdir", - Bülbüloğlu deyib.

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, forumun əsas məqsədi gənclərin Qafqazdakı problemlər və əldə olunan nailiyyətlərlə bağlı fikir mübadiləsi aparmasıdır. Onun sözlərinə görə, tədbir çərçivəsində bölgənin siyasi, iqtisadi, ekoloji durumu müzakirə ediləcək.

"Əsas məqsəd gənclər arasında müəyyən bağlılığın, tellərin qurulmasıdır. 120 gəncin tədbirdə iştirakı gözəl ənənədir", - o deyib.

Aslanov qeyd edib ki, Qafqaz Gənclər Forumunun ilk dəfə Azərbaycanda keçirilməsi Azərbaycanda fərqli dinlərin, fərqli millətlərin nümayəndələrinə olan tolerant münasibətin bariz nümunəsidir.

"Yeni nəsil: sərhədsiz məsuliyyət" devizi altında keçirilən forum sentyabrın 28-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti