...

MTN dövlət müstəqilliyimizin 20-ci ildönümü münasibətilə idman yarışları təşkil edib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2011 17:22 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin tədbirlər planına uyğun olaraq İdman Sağlamlıq Mərkəzində idman yarışları təşkil olunub.
MTN dövlət müstəqilliyimizin 20-ci ildönümü münasibətilə idman yarışları təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin tədbirlər planına uyğun olaraq İdman Sağlamlıq Mərkəzində idman yarışları təşkil olunub.

MTN-in ictimai əlaqələr mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, milli təhlükəsizlik orqanları əməkdaşlarının, eləcə də MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin iştirak etdiyi bu yarışlarda voleybol və ağırlıqqaldırma komandaları arasında birincilik uğrunda mübarizə maraqlı və yadda qalan olub.

Qeyd edilməlidir ki, MTN-in İdman Sağlamlıq Mərkəzində (İSM) müxtəlif idman növləri üzrə mütəmadi olaraq yarışlar, turnirlər və spartakiadalar keçirilir. İSM-ə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, soyunub-geyinmə, həkim, müəllim otaqları və duşxanalar daxildir.

Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılıb. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişməsi məqsədi daşıyır.

Eyni zamanda, MTN-in İdman Sağlamlıq Mərkəzinin "Titan" idman klubunun üzvləri mötəbər beynəlxalq və respublika əhəmiyyətli yarışlarda da uğurla çıxış edir, Azərbaycanın bayrağını yüksəklərə qaldırırlar.

Belə ki, 2009-cu ilin iyun ayında İspaniyada keçirilən kik-boksinq üzrə dünya çempionatında MTN İdman Sağlamlıq Mərkəzinin "Titan" klubunun üzvü V.İskəndərov birinci yerə layiq görülüb və ölkəmizə qızıl medalla dönüb. 2011-ci ilin iyul ayında Bolqarıstanda keçirilən əlbəyaxa döyüş növü "Ciu-Citsu" üzrə beynəlxalq turnirdə isə M.Hacımuradov 69 kiloqram çəki dərəcəsində öz rəqiblərinə qalib gələrək birinci yeri tutub və qızıl medal qazanıb.

Sentyabrın 21-22-də İtaliyanın Linqano şəhərində ənənəvi olaraq idmanın müxtəlif növləri üzrə veteranlar arasında keçirilən "European Masters Games-2011" - "Avropa Usta Oyunları - 2011" beynəlxalq turnirinin bitməsi ilə əlaqədar təntənəli mərasim olub.

Bu kütləvi və nüfuzlu turnirdə peşəkar fəaliyyətlərini başa vurmuş, lakin yenidən sevdikləri idman növü ilə məşğul olan idmançılar iştirak ediblər. Turnirdə Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin "Titan" klubunun üzvləri də öz qüvvələrini sınayıblar. Klubun üzvü A.Şamiloğlu yüngül atletikanın onnövçülük üzrə yarışlarında gümüş medala layiq görülərək ikinci yeri tutub.

"Titan" klubunun idmançıları beynəlxalq turnirlərlə yanaşı, Azərbaycanda keçirilən yarışlarda da uğurlar əldə ediblər. Cari ilin may ayında Bakıda keçirilən "Ciu-Citsu" üzrə əlbəyaxa döyüş növü üzrə Azərbaycan çempionatında 85 kq çəki dərəcəsində çıxış edən T.Quliyev bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülüb.

İdman Sağlamlıq Mərkəzində milli təhlükəsizlik orqanlarının strukturları arasında da müxtəlif idman yarışları və turnirləri təşkil edilir. 2011-ci ilin mart ayında milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş mini futbol turniri keçirilib. 32 oyundan ibarət turnirdə 22 komanda və 202 futbolçu iştirak edib. Qalib komanda keçici kubok və diplomla, 2-ci və 3-cü yerləri tutan komandalar isə diplomlarla mükafatlandırılıb.

Bundan başqa, cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə şahmat yarışları keçirilib, 9 turdan ibarət bu turnirdə 29 iştirakçı öz bacarığını sınayıb.

28 May - Respublika Gününə həsr olunmuş daha bir idman növü - üzgüçülük üzrə 22 iştirakçı arasında birincilik uğrunda yarış keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Mərkəzində bu il daha bir neçə idman yarışlarının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti