...

"Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:01 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilib
"Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Gəncə şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransdan əvvəl DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin yeni binasının açılışı olub.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun cümə axşamı yaydığı məlumata görə, tədbirdə bildirilib ki, rayon şöbəsi 20 min 700 nəfər pensiyaçı, 48 min nəfər isə sosial sığorta ödəyicisinə xidmət göstərir. Yeni istifadəyə verilən 2 mərtəbəli, ən müasir avadanlıqlarla təmin edilən bina əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcək.

Açılış mərasimində iştirak edən DSMF-nin sədri Səlim Müslümov və Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev fondun kollektivinə uğurlar arzulayıb və daha nümunəvi xidmət göstərməyi tövsiyə ediblər. Dövlətin bu istiqamətdə apardığı uğurlu siyasətin göz qabağında olduğunu deyən natiqlər bildiriblər ki, indi Azərbaycan MDB məkanında sığorta-pensiya sahəsində həyata keçirilən islahatlara görə aparıcı yerdədir.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında öz işinə başlayan konfransda dövlətimizin son 20 ildə sığorta-pensiya sahəsində əldə etdiyi uğurlar barədə məlumatlar verilib. Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev son 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı mühüm naliyyətlər, o cümlədən sığorta-pensiya sahəsindəki son islahatlar barədə ətraflı çıxış edib.

"Azərbaycan sığorta-pensiya sistemi müstəqilliyimizin mühüm nailiyyətlərindən biridir" mövzusunda məruzə ilə çıxış edən DSMF sədri, iqtisad elimləri doktoru, professor Müslümov bildirib ki, Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlmişdir.

"Ölkəmizin müstəqilliyinin 20 ilini müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümumilli liderimiz Heydər Əliyevin mili inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir".

DSMF sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında sosial dövlət konsepsiyası öz əksini tapmış, fəaliyyətin son nəticəsi kimi Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ili olan 1995-ci il ciddi islahatların həyata keçirilməsinin başlanğıc nöqtəsi kimi də adlandırmaq olar. Həmin ildə, həmçinin, beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olunmuşdur. Xüsusilə, əhalinin gəlirlrlərinin, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter almış, bu sahədə köklü dəyişikliklər baş vermişdir. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əmək haqqı 5,1 dəfə, orta aylıq nominal əmək haqqı 6 dəfə, pensiya və müavinətlərin orta aylıq məbləği isə 7,2 dəfədən çox artmışdır.

Müslümov nəzərə çatdırıb ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi istiqamətində qurulmuş möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynamış, sabit və ardıcıl inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsinin Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapmışdır. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilmişdir. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır: " Cari ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar. Eyni zamanda 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əmək haqqına çatdırılmışdır. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir".

Daha sonra konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Mirdamət Sadıqov "Regional səviyyədə sığorta-pensiya sisteminin səmərəli təşkili: problemlər və vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə bütövlükdə Azərbaycan iqtisadiyyatında əldə edilən uğurlardan danışıb. O vurğulayıb ki, bügünkü uğurların mərkəzində məhs prezident İlham Əliyevin radikal islahatçılığı dayanır.

Konfransda DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin müdiri Nizami Əhmədov, Azərbaycan Texnologiya Universiteti inzibati idarəetmə kafedrasının müdiri iqtisad elmləri doktoru, professor F.Məmmədov çıxış ediblər. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Xəbər lenti

Xəbər lenti