...

Azərbaycanda indiyə qədər 40 uşaq anadan keçmə yolu ilə İİV-ə yoluxub

Cəmiyyət Materials 1 Dekabr 2011 12:32 (UTC +04:00)
Azərbaycanda bu ilin 11 ayında 40 uşaq anadan uşağa ötürülmə yolu ilə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxub.
Azərbaycanda indiyə qədər 40 uşaq anadan keçmə yolu ilə İİV-ə yoluxub

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda indiyə qədər 40 uşaq anadan uşağa ötürülmə yolu ilə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxub. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən QİÇS-lə bağlı beynəlxalq tədbirdə Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib.

Onun sözlərinə görə, ölkədə qadınlar hamiləliyin son aylarında, ya da doğuş zamanı müayinə olunur, halbuki onlar hamiləliyin ilk 3 ayında müayinə olunmalıdırlar.

"Müayinələr könüllüdür, lakin hamilə qadınlar müraciət etmirlər. ARV-terapiya alan uşaqlardan 1-də, bu terapiyanı almayan uşaqlardan isə 18-də İİV-ə yoluxma halı olub", - Qədirova deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda 3199 İİV-ə yoluxmuş insan var, onlardan da 3086-sı Azərbaycan vətəndaşıdır. Ölkədə İİV-ə yoluxmuş insanların 875-i QİÇS mərhələsində olanlardır.

Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda bu ilin 11 ayında 476 nəfər İİV-ə yoluxub, onların 82 faizi kişilərdir. Ümumiyyətlə isə QİÇS xəstəliyi aşkar ediləndən bəri ölkədə bu virusdan 424 nəfər ölub.

Qədirova deyib ki, son illərdə virusa yoluxmuş qadınların sayında artım muşahidə olunur. "İneksiya yolu ilə narkotiklərin qəbul edilməsi və heteroseksual cinsi əlaqə ilə yoluxmada artım var. Bu il donor qanı ilə yoluxma olmayıb", - o bildirib.

Yoluxmanın 27,2 faizi Bakı və Abşeronda qeydə alınıb.

Dünyada 34 milyon insan İİV-lə yaşayır, ötən il 2,7 milyon yoluxma halı olub, 1,8 milyon nəfər İİV-dən ölüb. Onların 380 mini uşaqdır.

Xəbər lenti

Xəbər lenti