...

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 59 mindən çoxdur

Cəmiyyət Materials 2 Dekabr 2011 16:19 (UTC +04:00)
Beynəlxalq Əlillər münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan 3 saylı internat evində və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin dövlət himayəsində yaşadığı digər sosial xidmət müəssisələrində tədbirlər keçirilib.
Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı 59 mindən çoxdur

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

3 dekabr - Beynəlxalq Əlillər münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan 3 saylı internat evində və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin dövlət himayəsində yaşadığı digər sosial xidmət müəssisələrində tədbirlər keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, nazirliyin məsul şəxslərinin iştirak etdiyi tədbirlərdə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqram təqdim edilib, onlara hədiyyələr verilib.

1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs var ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.

Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on il ərzində əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlib. Son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınıb, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlib. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.

Nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilib. Bunlarla yanaşı, cari ilin iyul-avqust aylarında dayaq hərəkət sistemi məhdud olan 85 nəfər əlilin Ukraynanın Saki şəhərindəki N.Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi, 575 nəfər imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilib. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində - əlamətdar günlər münasibəti ilə cari ildə də tədbirlər davam etdirilmiş, 20 Yanvar faciəsinin ildönümü əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 15 sentyabr - Bilik günü münasibətilə tərkibində iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaq olan imkansız ailələrə birdəfəlik maddi yardımların verilməsi təmin edilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 700-dən artıq mənzil inşa etdirilir. İndiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.

Cari il noyabrın 17-də Qəbələ rayonunda əlil və şəhid ailələrinə 36 mənzilli yaşayış binasının və 100 minik avtomobilinin təqdim olunması mərasimində iştirak edən möhtərəm Prezident İlham Əliyev bir daha bildirib ki, növbəti bir neçə ildə növbədə olan bütün əlil və şəhid ailələri gözəl mənzillərlə təmin ediləcəklər. Bu il ərzində yerli istehsal olan, keyfiyyəti və müasir dizaynı ilə seçilən 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.

Ölkəmizdə əlillərin hər il respublika səviyyəli sərgi-müsabiqələri təşkil olunur və 2007-2010-cu illərdə 2061 yaradıcı əlil bu tədbirlərə cəlb olunub, fərqlənən əlillərə mükafatlar, iştirakçılara isə həvəsləndirici mükafatlar verilib.

Azərbaycan Əlillərin İntellektual İmkanlarına Dəstək Fondu (ABŞ) ilə yaxından əməkdaşlıq edir və 2008-ci ildə Fondun rəhbəri respublikamızda səfərdə olub, Heydər Əliyev Fondunda yaradıcı əlillərlə görüş keçirib. Həmin görüşdə 15 nəfər yaradıcı əlilə müxtəlif mükafatlar təqdim edilib.

Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Heydər Əliyev Fondu və UNİCEF-in təşkilatçılığı ilə əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" təbliğat-təşviqat kampaniyasına başlanılıb. Görmə məhdudiyyətli insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışlarını təmin etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən bir neçə regional informasiya mərkəzləri yaradılıb.

Xəbər lenti

Xəbər lenti