...

Gələn il Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupu yaradılacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 15:36 (UTC +04:00)
Gələn il Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupu yaradılacaq
Gələn il Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupu yaradılacaq

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/

2011-ci il 7-9 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrindən biri kimi 2012-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur.

Trend-in bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlaması nəzərdə tutulur.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Think-Tank qrupun nizamnaməsinin ilkin layihəsi Azərbaycan, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupunun üzvlərinə artıq göndərilib. Bu nizamnamə layihəsi hələlik qrupun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları Forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variantın qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir keçirilməsi barədə fərmanla Mədəniyyət və Turizm Nazirliyi Forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti