...

Azərbaycanda 2012-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2011 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-ci ilin birinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Azərbaycanda 2012-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-ci ilin birinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə bazar ertəsi Trend-ə Fonddan məlumat verilib.

Fondun Müşahidə Şurasının bazar ertəsi keçirilən iclasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması; ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği; Azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi; dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi; elm və təhsilin inkişaf etdirilməsi; ekologiya və ətraf mühitin mühafizəsi; gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması; uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Müsabiqədə müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər iştirak edə bilərlər.

Hər layihə üçün maksimum məbləğ 50 min manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.

Sənədlər dekabrın 6-dan 29-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir. Nəticələr dekabrın 30-dək elan ediləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək olar: Bakı şəhəri, Mətbuat pr. 529-cu məhəllə. Azərbaycan Mətbuat Evi 3-cü mərtəbə. Telefon: 537 19 41; 537 19 45 ([email protected] , [email protected], [email protected])

İclasda Fondun maliyyə müsabiqəsinə iştirak edəcək qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının isə 500-dən 750-yə qaldırılması, 2012-ci ilin dövlət büdcəsində Fonda ayrılmış maliyyə vəsaitinin artdığını nəzərə alaraq, qəzetlər üçün nəzərdə tutulan maliyyə yardımının maksimal həddinin 40 min manatdan 50 min manata qaldırılması təklif edilib və yekdilliklə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti