...

Bu il 40 məhkum cəzalarının qalan hissəsini çəkmək üçün Azərbaycana gətirilib

Cəmiyyət Materials 7 Dekabr 2011 15:24 (UTC +04:00)
Bu il indiyədək ayrı-ayrı ölkələrdə cəza çəkən 40 məhkum cəzalarının qalan hissəsini çəkmək üçün Azərbaycana gətirilib.
Bu il 40 məhkum cəzalarının qalan hissəsini çəkmək üçün Azərbaycana gətirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il indiyədək ayrı-ayrı ölkələrdə cəza çəkən 40 məhkum cəzalarının qalan hissəsini çəkmək üçün Azərbaycana gətirilib.

Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov çərşənbə günü Trend-ə bildirib ki, məhkumlardan 32-si Rusiyadan, 5-i Gürcüstandan, 1-i Qazaxıstandan, 1-i Ukraynadan, 1-i isə İrandan gətirilib.

Həmçinin Azərbaycandan cəza çəkmək üçün vətəndaşı olduqları ölkəyə 28 məhkum təhvil verilib. Onlardan 25-i İrana, 2-si Rusiyaya, 1-i isə Gürcüstana təhvil verilib.

Qafarov bildirib ki, hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 600-ə qədər əcnəbi məhkum cəza çəkir.

Onların böyük qismi Gürcüstan, İran və Rusiya vətəndaşlarıdır.

İrandan olan məhkumların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, Gürcüstandan olanlar isə oğurluq, quldurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunanlardır.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanla Gürcüstan arasında bu sahədə mövcud problemlərin həlli məqsədilə iki ölkənin ədliyyə nazirləri və nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən görüşlərdə bu məsələlər müzakirə olunub.

Bunun nəticəsində Gürcüstanda cəza çəkən bir neçə vətəndaşımıza dair sənədlər təqdim edilib və artıq 5 vətəndaşımız cəza çəkmək üçün ölkəmizə təhvil verilib.

İdarə rəisi bildirib ki, Azərbaycan və Çin arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilənin olmamasına baxmayaraq, qarşılıqlıq prinsipi əsas götürülərək Çində cəza çəkən 4 nəfər Azərbaycana gətirilib.

Onun sözlərinə görə, hazırda Çində cəza çəkən bir neçə Azərbaycan vətəndaşının verilməsi üçün diplomatik kanallarla danışıqlar davam etdirilir.

Qafarov bildirib ki, ilin sonuna qədər Azərbaycanda cəza çəkən 15 məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün İrana verilməsi və bu ölkədə cəza çəkən bir neçə Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.

İranda 20-yə yaxın, Rusiyada isə daha çox Azərbaycan vətəndaşı cəza çəkir.

İdarə rəisi deyib ki, onların da Azərbaycana verilməsi üçün danışıqlar aparılır. Rusiyada cəza çəkən 3, Gürcüstanda cəza çəkən 5 nəfərin isə ilin sonunadək Azərbaycana gətirilməsi planlaşdırılır və bu barədə razılıq əldə olunub.

Qafarov bildirib ki, Türkiyənin ədliyyə nazirinin Azərbaycana son səfərindən sonra burda cəza çəkən türkiyəli məhkumların öz ölkələrinə verilməsi üçün ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən göstəriş verilib və hazırda bu iş davam etdirilir.

Yaxın vaxtlarda iki ölkə arasında hüquqi yardım və əməkdaşlıqla bağlı Ankarada ekspertlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulur.

İdarə rəisi Pakistanla da məhkumların verilməsi ilə bağlı sənədin razılaşdırılacağını və bu istiqamətdə iş aparıldığını deyib.

Xəbər lenti

Xəbər lenti