...

Azərbaycanda bu qış mövsümü üçün gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 7 Dekabr 2011 15:00 (UTC +04:00)
Azərbaycanda bu qış mövsümü üçün gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda bu qış mövsümü üçün gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir İ.İsabalayeva/

Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən Serbiyanın Belqrad şəhərində keçirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin (SEECOF) 6-cı forumunda Cənubi Qafqaz ölkələrində 2011/2012-ci il qış mövsümü üçün gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə günü Trend-ə deyib ki, proqnoz dinamik və statistik modellər əsasında hazırlanıb.

Proqnoza əsasən, Cənubi Qafqaz regionunda qış fəslində temperaturun normadan aşağı olması ehtimalı 40, normaya yaxın olması 35 və normadan yuxarı olması ehtimalı 25 faiz təşkil edir.

Qış fəslində Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda yağıntıların normadan aşağı olması ehtimalı 35, normaya yaxın olması 40, normadan yuxarı olması ehtimalı 20 faiz göstərilir.

Tağıyeva deyib ki, yağıntıların miqdarının normaya yaxın olacağı halda, mövsüm müddətində lokal xarakterli intensiv yağıntıların düşməsi də istisna deyil.

Büro direktoru bildirib ki, qış mövsümündə temperaturun normadan aşağı və normaya yaxın, yağıntıların isə normaya yaxın olması proqnozlaşdırılır. Lakin ayrı-ayrı günlərdə anomal proseslər soyuq və isti hava şəraiti yarada bilər.

Tağıyevanın sözlərinə görə, ümumilikdə Azərbaycanda bu qış mövsümü ötən illərdəkindən çox fərqlənməyəcək. Bu mövsümdə də hər il olduğu kimi, müəyyən günlərdə hava şaxtalı, qarlı, müəyyən günlərdə də mülayim keçəcək.

SEECOF-un 6-cı forumunda Şərqi Avropa ölkələri Hidrometeoroloji xidmətlərinin 14 nümayəndəsi (Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Macarıstan, Makedoniya, İsrail, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Sloveniya) iştirak edib.

Xəbər lenti

Xəbər lenti