...

Azərbaycan fövqəladə hallar naziri hündürmərtəbəli binaların təhvil götürülməməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 8 Dekabr 2011 15:24 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri bəzi yeni tikilən hündürmərtəbəli binaların təhvil götürülməməsi məsələsinə aydınlıq gətirib.
Azərbaycan fövqəladə hallar naziri hündürmərtəbəli binaların təhvil götürülməməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın fövqəladə hallar naziri bəzi yeni tikilən hündürmərtəbəli binaların təhvil götürülməməsi məsələsinə aydınlıq gətirib.

"Binanı təhvil alan komissiyada tək FHN deyil, qaz, su, kanalizasiya və digər məsul təşkilatlar, icra hakimiyyətlərinin nümayəndələri təmsil olunur. Bu gün bəzi binalarda yaşayış var, amma qaz verilmir. Demək ki, həmin binalar bütün texniki şərtlərə əməl olunmadan istifadəyə verilib. Binalar müvafiq təşkilatlar tərəfindən, o cümlədən sonda həmin binaların yerləşdiyi şəhər icra hakimiyyəti nümayəndəsinin rəsmi iştirakı ilə təhvil alınmırsa, bu binalarda yaşamaq olmaz", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, əgər qaz təşkilatı bu binanı qəbul etməyibsə, bu binaya necə qaz verə bilər?

"Ona görə də insanlar, inşaat şirkətləri belə məsələlərə gələcəkdə fikir verməlidirlər. Əvvəllər buraxılmış hər hansı bir səhvləri təkrar etməməlidirlər", - Heydərov bildirib.

Heydərov bu cür binaların sökülməyəcəyini deyib.

"Qazla bağlı texniki şərt qəbul olunmayıbsa, qaz idarəsi bunu həll etməlidir. Daha binanı sökməyə ehtiyac yoxdur. Sakinlər də aktiv olmalı, şirkətlərdən tələb etməlidirlər. İndi belə binaların sayı azdır. Əvvəllər çox idi. Biz müvafiq qurumlarla bu problemlərin aradan qaldırılması üçün tədbirlər görürük", - nazir qeyd edib.

Heydərov bildirib ki, yeni binalar üçün poçt ünvanları verilməlidir.

"Biz Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinə bir neçə il əvvəl müraciət etmişik ki, təhvil alınmayan binalara bu xidmətlər göstərilməsin. Binanın nömrəsi yoxdursa, kadastrda qeydiyyata alınmayıbsa, telefon və poct xidmətləri ilə təmin olunmayıbsa, bu, əhalinin özünə zərərdir", - Heydərov bildirib.

Nazir qeyd edib ki, Tikinti və Şəhərsalma Məcəlləsində bütün yeni qaydalar tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti