...

Azərbaycan polisi üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 12 Mart 2012 19:47 (UTC +04:00)
Azərbaycan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində polis zabitləri üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilib.
Azərbaycan polisi üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində polis zabitləri üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilib. Seminarda ekspert qismində ABŞ-ın Ədliyyə Departamentinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və Amerika Hüquqşunaslar Assosiyasiyasının əməkdaşları da iştirak ediblər.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Respublika Hüquqşünaslar Konfedrasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir çox hüquqi islahatlar keçirilib, beynəlxalq təşkilatlar qarşısında mühüm öhdəliklər götürülüb. 2000-ci ildə ölkəmizin Avropa Şurasının İnsan alverinə qarşı Konvensiyasına qoşulduğunu vurğulayan millət vəkili həyata keçirilən tədbirlərin, mütərəqqi hüquqi təcrübədən yararlanmanın insan hüquqlarının müdafiəsində və qorunmasında dönüş yaradacağını deyib, qarşıya çıxan problemlərin həllində vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev insan alveri cinayətinin bu gün dünyada narkotiklə mübarizə, silah qaçaqmalçılığı, insan orqan və toxumalarının tarnsplantasiyasından daha təhlükəli olduğunu, 2006-ci ildə İdarənin yaranmasından sonra cinayətkarlığın bu növü ilə mübarizənin gücləndiyini, hətta region ölkələrində rast gəlinməyən bir çox tədbirlərin həyata keçirildiyini, buna misal olaraq, insan alveri qurbanlarına sığınacaqların yaradıldığını, onlara birdəfəlik pul müavinətlərinin ayrıldığını nəzərə çatdırıb.

Ekspert Robert Stir dünyada insan alverinin hər il təxminən 9 milyard dollar gəlir gətirdiyini və qurbanlar sırasında iqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrin vətəndaşlarının çoxluq təşkil etdiyini, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə hazırda dünyada 12,3 milyon şəxsin məcburi əməyin qurbanı olduğunu, 270 milyon uşağın məcburi əməkdən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Ekspertlər tərəfindən tərtib olunmuş və insan alveri cinayətinin müxtəlif formalarını özündə əks etdirən testlərin, məntiqi sualların qarşılıqlı şəkildə cavablandırılmasının nəticələrini müsbət qiymətləndirən ekspert Erik Peterson bildirib ki, bu istiqamətdə Azərbaycanın hüquq-mühafizə orqnlarının təcrübəsi örnəkdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.

Xəbər lenti

Xəbər lenti