...

İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər: təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?

Cəmiyyət Materials 13 Mart 2012 14:13 (UTC +04:00)
İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər: təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?
İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər: təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir K.Zərbalıyeva/

Lənkəran Rayon Məhkəməsindən Konstitusiya Məhkəməsinə qədər

Lənkəran Rayon İcra Bölməsi məhkəmə qətnaməsini qanuni qüvvəyə minmədən icra edib.

Məhkəmənin 13 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Nadir Rzaquliyevə məxsus Lənkəran rayonu Boladi kəndi ərazisindəki Qəhrəman Hüseynov və onun qohumları tərəfindən zəbt olunmuş qeyri-yaşayış sahəsinin həmin şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib.

Həmin sahə Azər Hüseynova məxsus olduğundan və onun maraqlarına toxunduğundan, o, Lənkəran məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib. Həmin şikayət Şirvan Apelyasiya Məhkəməsinin icraatında olduğu halda, Lənkəran Rayon İcra Bölməsi ötən ilin mayında qətnaməni qanunsuz icra edib. Qanunvericiliyə görə, məhkəmə qərarından apelyasiya şikayəti verilibsə, qətnamə qanuni qüvvəyə minmir.

Hüseynovun vəkili Xalid Bağırov deyir ki, "İnzibati icraat haqqında" qanunun 11-ci maddəsində qeyd olunan qanunçuluq prinsipinə görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Yəni inzibati orqan qanunun tələbinə zidd olan hər hansı bir tədbir görə bilməz.

İnzibati orqan olan Lənkəran Rayon İcra Bölməsinin qanunsuz hərəkətləri iddiaçının hüquqlarına müdaxilə ilə nəticələndiyindən iddiaçı qeyd olunan qətnamənin icrasının qanunsuz hesab edilməsi, icraya dönüş olması barədə qərar çıxarılması tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Lakin məhkəmə işi məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsindən ötrü Şirvan Apelyasiya Məhkəməsinə göndərib.

Şirvan Apelyasiya Məhkəməsi isə işə ümumi məhkəmədə baxılmalı olduğunu əsas gətirərək işi yenidən Lənkəran Rayon Məhkəməsinə göndərib.

Məhkəmələr arasında fikir ayrılığı yarandığından Lənkəran Rayon Məhkəməsi icra məmurlarının hərəkət və qararlarından şikayətlərə baxılmasının məhkəmə aidiyyətinin qəti müəyyən edilməsinə ehtiyac olduğunu nəzərə alaraq, mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsindən ötrü Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-ə ünvanlanan müraciətdə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə "İcra haqqında" qanunun 87.2-ci, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsini xahiş edilir.

İcra məmurlarının hərəkətləri ilə bağlı mübahisələrə hansı məhkəmə baxmalıdır?

Bağırov deyir ki, Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə inzibati orqanların təsnifatı müəyyən edilsə də, bu, tam deyil. Yəni, qərarın son müddəasında "Qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati
orqanlar" hissəsi aidiyyətlə bağlı problemlərin yaranması üçün əsasdır.

"İnzibati orqanların Təsnifatı"nda Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqanlar siyahısına daxil edilib.

Vəkil deyir ki, İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir.

"İnzibati icraat haqqında" qanuna görə, qanunverici inzibati mübahisələrə inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılması imperativ qaydada deyil, dispozitiv qaydada müəyyən edilib. Əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa, o zaman inzibati mübahisələrə inzibati məhkəmələr baxırlar.

Vəkil deyir ki, "İcra haqqında" qanunun tələbinə əsasən, iqtisad məhkəməsi tərəfindən verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət verə bilər.

O hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayət verilməsi barədə qanunvericilikdə qarışıqlıq var.

"Bu müddəa praktikada iki formada təfsir olunur. Bir qrup hesab edir ki, "İcra haqqında" qanunun 87-ci maddəsi icra məmurlarının hərəkətlərindən şikayət verilməsi üçün İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsindən fərqli bir qayda nəzərdə tutur. Həmin normanın mənasına görə, icraçıların hərəkətlərindən şikayətə (əgər bu hərəkətlər ümumi məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə icra hərəkətləridirsə) ümumi məhkəmələr baxmalıdırlar. Bu mövqeyi birmənalı olaraq apelyasiya məhkəmələrinin hakimləri qəbul edir. İkinci mövqeyə görə isə, "İcra haqqında" qanunun məzmunundan göründüyü kimi "icra məmurunun olduğu yerin məhkəməsi" dedikdə birmənalı şəkildə ərazi aidiyyəti nəzərdə tutulur. Bu ifadənin mübahisələrin baxılmasının məhkəmə aidiyyətinə heç bir aidiyyəti yoxdur. İcra məmurunun fəaliyyət göstərdiyi ərazinin inzibati məhkəməsi, elə icra məmurun olduğu yerin məhkəməsi kimi qəbul edilməlidir. Bu mövqeyi ümumi məhkəmələrin bir sıra hakimləri qəbul edir", - vəkil vurğulayıb.

Onun qənaətincə, bütun kriteriyalarına görə icra məmurunun hərəkətlərindən və qərarlarından şikayət verilməsi inzibati mübahisədir və belə mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması məqsədəmüvafiq olar. Bu baxımdan vəkil qanunvericilikdə qarışıqlığın aradan qaldırılmasını zəruri hesab edir.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov deyir ki, icra məmurları icra hakimiyyəti orqanı strukturuna daxil olduğu üçün inzibati orqan kimi təsnif olunur.

"Onların fəaliyyət göstərdiyi müstəvi də publik hüquq müstəvisidir. Əvvəllər icra məmurlarının hərəkətləri ilə bağlı mübahisələrə, mülki məhkəmələr tərəfindən inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr qismində xüsusi icraat qaydasında baxılırdı. Bu da o anlama gəlir ki, bu mübahisələrin inzibati hüquq münasibətlərindən doğan mübahisə olduğu inkar olunmurdu. İcra məmurlarının məhkəmə qərarlarının icraası ilə bağlı hərəkət və hərəkətsizliyi də inzibati hüquq müstəvisində baş verdiyi üçün bununla bağlı yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır", - Kərimov bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, icra məmurlarının bir sıra hərəkətləri inzibati hüquq müstəvisində deyil, mülki hüquq müstəvisində baş versin. Belə halda, münasibətin xarakterindən asılı olaraq, onlara mülki məhkəmələrdə baxılmalıdır.

"Həm qurumun, həm münasibətin mənsubiyyətini təhlil edərək, münasibətlərin xarakterindən çıxış edərək həmin mübahisəyə hansı məhkəmədə baxılması məsələsini həll etmək lazımdır", - o deyib.

Bu sahədə Gürcüstanın təcrübəsinə istinad edən ekspert deyir ki, Gürcüstanda icra məmurları ilə bağlı iddialara inzibati məhkəmələrlə bağlı aparılan islahatların ilkin mərhələsinə qədər mülki məhkəmələr baxırdı. Lakin sonradan Ali Məhkəmə bu məsələyə müdaxilə edərək bu səlahiyyəti inzibati məhkəmələrə verdi.

Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi vətəndaşın vəzifəsi deyil

Ekspertlər deyirlər ki, inzibati mübahisələr zamanı son bir ildə rast gəlinən ən böyük problemlərdən biri aidiyyət məsələsi ilə bağlıdır.

Şirvan İnzibati-İqtisad Məhkəməsinin sədri Elçin Qasımov deyir ki, sədrlik etdiyi məhkəməyə ötən ilin birinci yarısında daxil olan işlərdən təxminən 10 faizi məhkəmə və ya ərazi aidiyyəti üzrə göndərilib, habelə bir sıra hallarda digər məhkəmələrin aidiyyətlə bağlı qərarları apelyasiya instansiyası məhkəməsi qarşısında mübahisələndirilib.

Onun sözlərinə görə, təcrübədə məhkəmə aidiyyəti ilə bağlı problem bir neçə kateqoriya işlər üzrə yaşanır. Bir sıra hallarda vətəndaşlar inzibati xətalar üzrə və cinayət təqibi ilə bağlı inzibati orqanların qərarlarından şikayətlərlə inzibati məhkəməyə müraciət edirlər. Bəzi hallarda ümumi məhkəmələrin hakimləri də səhvən bu kateqoriya işləri aidiyyət üzrə baxılması üçün inzibati məhkəməyə göndərir.

Məhkəmə sədri bildirib ki, bu sahədə qanunvericilik barədə əhalinin kifayət qədər məlumatının olmaması vətəndaşların inzibati məhkləmələrin səlahiyyətinə aid olmayan məsələlərlə məhkəməyə müraciət etməsinə səbəb olur.

"Məcəllənin tələbinə görə, bu halda məsələnin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət edilməli və onları dinlədikdən sonra işin müvafiq səlahiyyətli məhkəməyə göndərilməsi təmin edilməlidir. Lakin təcrübədə bu hallarda tərəflərin məhkəməyə dəvət olunması zəruri görünmür və məhkəmə icraatının uzadılmasına, vətəndaşların haqlı narazılığına səbəb olur", - o deyb.

Kərimov bildirib ki, aidiyyəti müəyyənləşdirmək vətəndaşın vəzifəsi deyil. Onun fikrincə, vətəndaşın mahiyyətlə bağlı məsələlərdə səhvə yol verməsi qəbul ediləndir, başa düşüləndir.

"İddia ərizələri təqdim olunan zaman, İnzibati-Prosessual Məcəlləyə görə, məhkəmələrin üzərinə vətəndaşa yardım göstərmək vəzifəsi qoyulub. Belə ki, məhkəmələrin üzərinə iddiaların tərtib olunması, dəqiqləşdirməsi məslələrində vətəndaşa yardımçı olmaları bir vəzifə olaraq qeyd edili", - o deyib.

Qasımovun fikrincə, aidiyyətlə bağlı problemlərdən bir qismi inzibati orqanların təsnifatının dəqiqləşdirilməməsi səbəbindən yaranır.

Belə ki, fəaliyyəti respublikanın bütün ərazisini əhatə edən və səhmləri dövlətə məxsus olan bir neçə təbii inhisar subyektlərinin inzibati orqan statusuna malik olub-olmaması dəqiq müəyyən edilmədiyindən, həmin təşkilatlarla bağlı mübahisələr üzrə aidiyyət problemi ortaya çıxır. O hesab edir ki, inzibati orqanların təsnifatı məsələsinin diqqət mərkəzində saxlanılması və həmin siyahının mütəmadi yenilənməsi məqsədəmüvafiqdir.

Bir sıra hallarda məhkəmənin icraatında bir hissəsi inzibati, digər hissəsi isə ümumi məhkəmələrin səlahiyyətinə aid olan tələblər üzrə işlərin olduğunu deyən məhkəmə sədri bu məsələnin də aidiyyətlə bağlı problemlərin yaranmasına səbəb olduğu qənaətindədir.

"Fikrimcə, bu məsələ ya ümumi məhkəmələrə aid olan tələbin ayrılmaqla ayrı-ayrı icraatda baxılması, ya da tələbin əhəmiyyəti və ardıcıllığı məsələsi həll edilməklə müvafiq məhkəməyə göndərilməsi yolu ilə həll oluna bilər. Bu məsələnin qanunvericilik çərçivəsində tənzimlənməsi vacibdir", - o deyib.

Səyyad Kərimov isə hesab edir ki, işin bir hissəsi inzibati, digər hissəsi mülki məhkəmənin səlahiyyətinə aid tələblər üzrə olanda inzibati məhkəmələr yalnız işin inzibati mübahisələrlə bağlı hissəsinə, mülki məhkəmələr isə mülki mübahisələrlə bağlı hissəsinə baxmalıdırlar.

Aidiyyətlə bağlı problemin kökündə nə dayanır?

Ekspertlər Azərbaycanda inzibati məhkəmələrin yeni yarandığını və publik hüququn anlayış və məzmun olaraq hüququn yeni sahəsi kimi meydana gəldiyini əsas gətirərək aidiyyətlə bağlı problemlərin yaranmasını təbii sayır. Bir çox hallarda onlar aidiyyət probleminin yaranmasını qanunvericilikdə olan boşluqlar və qanunvericilikdə islahatların tam aparılmamasının nəticəsi kimi meydana çıxdığını iddia edirlər.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov aidiyyətlə bağlı problemin olmasını təbii hesab edir. Onun sözlərinə görə, əvvəllər inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə ümumi məhkəmələrdə baxırdılar və fərqli prosessual qaydalar müəyyən olunmuşdu.

Ekspert deyir ki, bu qəbildən olan işlərə mülki qaydada baxılması problem yaratmırdı. Çünki, eyni məhkəmə sistemi idi və bütün mübahisələrə eyni məhkəmələr, eyni prosessual məcəllə əsasında baxırdı.

"Ona görə də, məhkəmələr, hakimlər aidiyyətin müəyyənləşməsində seçim qarşısında qalmırdılar. Aidiyyətin müəyyənləşməsi üçün predmeti yaxşı bilməlisən, təcrübə olmalıdır", - o deyib.

Kərimov bildirib ki, təcrübədə mübahisənin inzibati hüquq mübahisəsi olmasını müəyyənləşdirmək, qurumun inzibati orqan olub-olmamasını müəyyənləşdirməklə bağlı bir sıra problemlər meydana çıxır.

Onun fikrincə, qurumun inzibati orqan olması heç də həmişə həmin qurumla bağlı mübahisənin inzibati publik mübahisə olması anlamına gəlmir. Belə ki, həm qurum inzibati orqan olmalıdır, həm onun vətəndaş, hüquqi və fiziki şəxslə münasibəti inzibati hüquq münasibəti olmalıdır, həm də mübahisə inzibati hüquq münasibəti ilə bağlı olmalıdır.

"Bu cür münasibətin inzibati, ya mülki hüquq münasibəti olub-olmamasını fərqləndirmək lazımdır. Çünki, bu münasibəti fərqləndirmədən, onun xarakterini müəyyən etmədən məhkəmə aidiyyətini müəyyənləşdirmək mümkün deyil. Aidiyyəti müəyyənləşdirmədən, yaxud da səhv müəyyənləşdirdikdə işə aidiyyəti üzrə baxmayan məhkəmə səlahiyyətli məhkəmə deyil", - o vurğulayıb.

Kərimov deyir ki, inzibati hüquq münasibətinin müəyyənləşdirilməsi İnzibati-Prosessual Məcəllənin, "İnzibati icraat haqqında" qanunun predmeti deyil.

"Bu doktirinal bir məsələdir. Təbii ki, aidiyyətin müəyyənləşdirlməsi zamanı ən azı münasibətin inzibati, ya qeyri-inzibati hüquq münasibəti olmasını müəyyənləşdirən zaman çətinliklər ortaya çıxır. Onların aradan qaldırılması üçün hakimlərimiz münasibətləri xarakterinə görə fərqləndirməyi bacarmalıdırlar. Onların inzibati orqan olub-olmamasını müəyyən etməyi bacarmalıdırlar. Bu da müəyyən hazırlıq, təcrübə tələb edir", - Kərimov deyib.

O, problemin yaranma səbəbinin inzibati orqanların siyahısının tam dəqiqləşdirilməməsi ilə izah olunmasını düzgün yanaşma kimi qəbul etmir. Onun fikrincə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş siyahı qapalı siyahı deyil.

"Nazirlər Kabineti ehtimal olunan orqanların siyahısını hazırlayıb. Həmin orqanların hamısını əvvəldən müəyyən etmək çətindir. Qanunverici orqanın, ya da Nazirlər Kabinetinin üzərinə konkret siyahı müəyyənləşdirmək kimi bir vəzifə qoymaq düzgün deyil", - o deyib.

Kərimov bildirib ki, qurumun inzibati orqan olması, həmin qurumla digər şəxs arasında olan mübahisənin inzibati mübahisə olması anlamına gəlmir. Hüquq mübahisəsinin inzibati hüquq münasibəti olması üçün tərəfin birinin inzibati orqan olması da yetərli deyil.

"Münasibətin özünün də inzibati publik hüquq müstəvisində baş verməsi zəruridir. Bir sıra tələblər var. Münasibət ən azı tərəflər arasında mülki hüquq müstəvisində deyil, inzibati hüquq müstəvisində baş verməlidir. İkinci, bu konkret hadisə ilə bağlı olmalı, konkret fiziki və hüquqi şəxsə ünvanlanmalıdır. Onun üçün müəyyən faktiki hüquqi nəticə olmalıdır. Bu kriteriyaların hamısı aydınlaşdırılmalı və aidiyyət müəyyənləşməlidir. Biz bu problemləri görürdük. Nazirlər Kabinetinin siyahısının hazırlanması da bizim gördüyümüz problemlərin
həllini asanlaşdırmağa yönəlmiş bir tədbir idi. Ola bilər ki, qurum dövlət qurumu deyil, hüquqi şəxsdir. Amma konkret halda, şəxsə münasibətdə publik funksiyanı yerinə yetirir və inzibati orqan kimi çıxış edir. Məsələn "Azərbaycan Hava Yolları" QSC təsərrüfat subyektidir. Amma hava uçuşlarına lisenziya verir. Onun lisenziya verməklə bağlı fəaliyyəti inzibati fəaliyyətdir", - o deyib.

Kərimovun qənaətincə, bu sahədə problem qanunvericiliyin yeni olması, məhkəmələrin yeni yaradılması və hakimlərin təcrübəsizliyi ilə əlaqəlidir.

Onun fikrincə, zaman keçdikcə bu sahədə məhkəmə təcrübəsi, bir yanaşma yaranacaq və gələcəkdə aidiyyətlə bağlı problemlərin bir çoxu aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti