...

Ombudsman Aparatının əməkdaşları Quba hadisələri ilə bağlı saxlanılan şəxslərlə görüşüblər

Cəmiyyət Materials 13 Mart 2012 18:59 (UTC +04:00)
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olublar.
Ombudsman Aparatının əməkdaşları Quba hadisələri ilə bağlı saxlanılan şəxslərlə görüşüblər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, onlar bu müəssisədə Quba hadisələri ilə bağlı saxlanılan beş nəfər şəxslə görüşüblər. Onlardan üçü 1 mart, ikisi isə 7 mart 2012-ci il tarixlərdə həbs olunub, CM-nin 186.1 və 233-cü maddələri ilə təqsirli bilinərək barələrində həbs-qətimkan tədbiri seçilib. Onların hər biri dövlət hesabına vəkillə təmin olunublar.

Bu şəxslərlə təkbətək söhbət zamanı, onlar tutulduğu müddət ərzində hər hansı zorakılığa məruz qalmadıqlarını bildiriblər. Onların bədəninə baxış keçirilib, xəsarət izləri aşkar edilməyib.

Həmçinin, həmin istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı və bir sıra şəxslərlə də təkbətək söhbət aparılıb. Onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər. Eyni zamanda, onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Habelə, Əvəz Zeynallı göndərdiyi müraciətlərə cavab almadığını bildirib. Bu məsələ yerində araşdırılıb və məlum olub ki, onun ərizələri qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti qurumlara göndərilib.

Xəbər lenti

Xəbər lenti