...

Ruslan Bəşirli əfv olunmaq üçün Azərbaycan Prezidentinə müraciət edib

Cəmiyyət Materials 14 Mart 2012 13:49 (UTC +04:00)
Ruslan Bəşirli əfv olunmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Ruslan Bəşirli əfv olunmaq üçün Azərbaycan Prezidentinə müraciət edib

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir K.Zərbalıyeva/

Ruslan Bəşirli əfv olunmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Trend-in məlumatına görə, əfv ərizəsində Bəşirli qeyd edib ki, o, 2005-ci ilin avqustun 4-də həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Artıq cəzamın 6 il 7 ayını çəkmişəm. Bu illər ərzində etdiyim cinayətin məsuliyyətini anlayaraq səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və bu səbəbdən də çılğın olduğum üçün Sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək səhvlərimi dərk etmişəm. Təbii ki, bunda son illər rəhbərliyiniz altında aparılan müsbət yönlü fəaliyyətin də böyük rolu olmuşdur. Aparılan daxili və xarici siyasətdəki uğurunuz göz önündədir. Bunu kimsə dana bilməz", - Bəşirli əfv ərizəsində qeyd edib.

Bəşirli ərizəsində daha sonra bildirib ki, Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkənin nüfuzu xaricdə artıb, nüfuzlu nəşrlər və təşkilatlar tərəfindən Prezidentin fəaliyyəti müsbət yönümdən əks etdirilib.

"Rəhbərliyiniz altında aparılan fəaliyyətin nəticəsində ölkədə işsizlik problemi böyük ölçüdə həll edilib, yeni istehsal sahələri qurulub, büdcə təşkilatlarında çalışan xeyli sayda insanın əməkhaqları artırılıb, Bakı şəhəri və ölkənin digər regionları əsaslı şəkildə yenidən qurulub", - o bildirib.

Ərizədə daha sonra qeyd olunur:

"Cənab Prezident! Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiaylı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmama səbəb olacağınız təqdirdə bacardığım sahədə çalışıb sizin fəaliyyətinizi dəstəkləyəcəm. Onu da bildirim ki, mənim həbsdə olmağıma baxmayaraq ailə üzvlərim sizin fəaliyyətiniz hər zaman dəstəkləyiblər. Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq, xahiş edirəm ki, mənim əfv olunmam barədə sərəncam verəsiniz. Onu da qeyd edim ki, bundan sonra Sizin fəaliyyətinizi qısqanclıqla qarşılayan qüvvələrə qoşulmayacam. Təbii ki, bura özlərini müxalifət adlandıran qüvvələr daxildir".

Qeyd edək ki, Novruz bayramı münasibətilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Artıq Prezident yanında Əfv Komissiyası siyahını hazırlayıb.

Xatırladaq ki, Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti