...

"Bakı Kristal Zalı"nın fasadında "Eurovision 2012"-də səhnəyə çıxacaq iştirakçı ölkənin bayrağı nümayiş olunacaq

Cəmiyyət Materials 14 Mart 2012 15:05 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı" çoxlu sayda rəngarəng işıqlandırma sistemləri ilə bəzədiləcək.
"Bakı Kristal Zalı"nın fasadında "Eurovision 2012"-də səhnəyə çıxacaq iştirakçı ölkənin bayrağı nümayiş olunacaq

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı" çoxlu sayda rəngarəng işıqlandırma sistemləri ilə bəzədiləcək.

Kompleksin fasadı üzərində müxtəlif rənglərdən ibarət 45 minə yaxın işıq çalarları olacaq. Bu barədə Trend-ə kompleksin tikintisi üzrə layihənin tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətindən bildirilib.

"Fasad özü də şou üçün istifadə olunacaq. Hətta səhnəyə çıxacaq iştrakçı ölkəni elan edərkən həmin ölkənin bayrağının rənglərini fasad üzərində əks etdirmək də mümkün olacaq", - şirkətin məlumatında qeyd olunub.

Bildirilib ki, "Bakı Kristal Zalı"nın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq.

Artıq kompleksdə işlərin böyük bir hissəsi başa çatıb. Aprelin ortalarında isə "Brainpool GMBH" şirkəti kompleksdə işıqların və səhnənin quraşdırılmasına başlayacaq. Məkan may ayına qədər müsabiqəyə tam hazır olacaq.

Şirkətdən bildirilib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Bakı Kristal Zalı"nda baş tutacaq. Yeni tikilən kompleks 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.

Xəbər lenti

Xəbər lenti